Modern.az

Bakı metrosunda intervallar azaldılacaq

Bakı metrosunda intervallar azaldılacaq

Aktual

Bu gün, 11:12

Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposunda tikinti işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib.

Modern.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, strateji əhəmiyyət daşıyan layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Deponun tikintisi üçün ərazi hələ 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprelində başlanılıb.

Namiq Yusubov bildirib ki, “Dərnəgül” elektrik deposu Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm hissəsidir:

“İkinci mərhələnin tamamlanması Yaşıl və Qırmızı xətlərin ayrılmasına imkan yaradır. Bundan sonra “Dərnəgül” elektrik deposu Yaşıl xəttə müstəqil xidmət göstərəcək. Burada qatarların təmir-baxışı, texniki qulluğu və gecələməsi üçün zəruri şərait yaradılıb. Bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək”.

Baş mühəndisin sözlərinə görə, deponun tam gücü ilə fəaliyyətə başlaması metropolitendə xidmət keyfiyyətinin yüksəldilməsinə və qatarlar arasında hərəkət intervallarının azaldılmasına da şərait yaradacaq.

Namiq Yusubov qeyd edib ki, 16,5 hektar ərazini əhatə edən “Dərnəgül” elektrik deposunda ümumilikdə 16 xidmət obyektinin yaradılması nəzərdə tutulub.

“İkinci mərhələ çərçivəsində mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri və 5 işıqlandırma qülləsi inşa edilib. Zəruri xidmət və texniki otaqların tikintisi, monolit döşəmə, fasad və üzləmə, eləcə də MEP işləri tam başa çatdırılıb. Kommunikasiya xətləri də çəkilib”, - deyə baş mühəndis vurğulayıb.
O bildirib ki, Yaşıl xətti depo ilə birləşdirən 2 100 metrlik tuneldə 2 017 metr yol çəkilib. Tunel yolları Bakı Metropoliteninin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub.

Depo ərazisində 18 100 kubmetr yol yatağının qazıldığını deyən Namiq Yusubov 1 700 dəmir-beton şpalın düzülməsi, 21 ədəd R50 tipli yoldəyişdiricinin quraşdırılması və 1 365 metr yerüstü park yolunun salındığını bildirib.

Baş mühəndisin sözlərinə görə, qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulan dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü və fasad hissəsi inşa edilib.

“155 metr enində və 133 metr uzunluğunda olan korpusda nəzərdə tutulan 25 qanovdan 12-nin inşası tam başa çatdırılıb. Onlardan 3-ü qaldırma-təmiri sahəsinə aiddir”, - deyə o bildirib.

Namiq Hüseynov qeyd edib ki, iki qazanxanada və kompressor binasında əsas tikinti-montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb.

Onun sözlərinə görə, depo ərazisində drenaj, kanalizasiya, elektrik və telekommunikasiya xətləri çəkilib. Həmçinin 2 000 metr fiber-optik xətt və 10 170 metr kabel trası quraşdırılıb.
“Depo ərazisinin elektrik təchizatı üç mənbədən təmin edilib. Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları da quraşdırılıb”, - deyə baş mühəndis əlavə edib.

Layihə çərçivəsində beşmərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsinin də inşa edildiyini bildirən Namiq Hüseynov qeyd edib ki, binada mərkəzləşdirilmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və videomüşahidə sahələri yerləşəcək.

“Burada dizayn və memarlıq tərtibatı, eləcə də digər zəruri işlər layihənin mərhələlərinə uyğun olaraq davam etdirilir”, - deyə o vurğulayıb.

Baş mühəndis yerüstü stansiyanın tikintisinin də davam etdiyini bildirib. Onun sözlərinə görə, stansiyanın əsas binası və platforma sahəsinin dəmir-beton işləri artıq tamamlanıb.

Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi ümumilikdə üç mərhələdə həyata keçirilir. İkinci mərhələnin başa çatdırılması Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına imkan verir. Belə ki, deponun istismara verilməsi nəticəsində xətlərin ayrılması layihəsi üzrə tikinti müddətində “Dərnəgül-Nizami” sahəsində hərəkət edən qatarların təmir-baxış və texniki qulluğunun burada həyata keçirilməsi nəzərdə tutulur.

Namiq Hüseynov bildirib ki, hazırda layihənin üçüncü mərhələsi üzrə işlər davam etdirilir.
“Tikinti prosesinin, həmçinin ərazidə inşa olunan yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır”, - deyə Bakı Metropoliteninin baş mühəndisi əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
https://www.youtube.com/watch?v=9BAEYj2gL3Q