Modern.az

Azərbaycanda tələbə qəbulunda YENİLİKLƏR

Azərbaycanda tələbə qəbulunda YENİLİKLƏR

Aktual

26 May 2015, 12:49

Abituriyentlər ilk dəfə iki müxtəlif ixtisas qrupunun müsabiqəsində iştirak edəcəklər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında etdiyi dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb.

Komissiyadan Modern.az-a verilən məlumata görə, bu qrupa xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. Ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.

Daha bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçiriləcək qəbul imtahanının nəticələrinə əsasən aparılacaq.

Ərizə qəbulunun statistikası göstərir ki, bu yeniliyi minlərlə gənc müsbət qarşılayıb. 17802 nəfər abituriyent I-IV ixtisas qrupları ilə yanaşı, V ixtisas qrupuna və kolleclərə ərizə təqdim edib. Onlardan 4913 nəfəri V ixtisas qrupu üzrə, 12889 nəfəri isə kolleclər üzrə qeydiyyatdan keçib.

Ümumilikdə, V ixtisas qrupuna 10446 abituriyent müraciət edib. Onlardan 4894 nəfəri bu ilin, 5552 nəfəri əvvəlki illərin məzunlarıdır.

Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tam (11 illik) orta təhsil bazasında 17999 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 9213 abituriyent cari ilin, 8786 abituriyent isə əvvəlki illərin məzunlarıdır. 

V ixtisas qrupu üzrə sənəd qəbulu mayın 18-də başa çatsa da, tam (11-illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu may ayının 31-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təsdiq etmiş əvvəlki illərin məzunu olan abituriyentlər və orta məktəbi 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta kimi kolleclərə elektron ərizə təsdiq etməlidir.

Yeganə OQTAYQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı