Rusiya və Türkiyə Cənubi Qafqazda və regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi mexanizmi kimi “3+3” Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Sentyabrın 8-9-da Moskvada Rusiya-Türkiyə xarici işlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Zaqafqaziya Departamentinin direktoru Mehmet Samsar Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb, həmçinin Rusiya XİN-in müvafiq departamentlərinin rəhbərləri ilə danışıqlar aparıb.
Tərəflər Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada əməkdaşlığı və Ukrayna ətrafında vəziyyətin inkişafını müzakirə ediblər.
Məsləhətləşmələr zamanı Rusiya və Türkiyə Mərkəzi Asiyada və Cənubi Qafqazda yeni parçalanma xətlərinin yaranmasına səbəb ola biləcək xarici təşəbbüslərin yolverilməz olduğunu vurğulayıblar. Bu baxımdan Moskva və Ankara Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirən “3+3” Platformasının müntəzəm fəaliyyətinin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Tərəflərin fikrincə, bu format “regional məsuliyyət” prinsipi əsasında regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə bilər.
Rusiya tərəfi həmçinin Ukrayna böhranının həlli ilə bağlı, onun ilkin səbəblərinin aradan qaldırılmasına əsaslanan yanaşmalarını açıqlayıb. Moskva, həmçinin Kiyevin Qara dənizdəki fəaliyyətləri ilə bağlı qiymətləndirmələrini təqdim edib. Rusiya tərəfinin fikrincə, bu fəaliyyətlər gəmiçiliyin, o cümlədən Türkiyə üçün təhlükəsizliyinə təhdid yaradır.