Sentyabr ayının 11-də Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Modern.az xəbər verir ki, Naxçıvan şəhərində keçirilən tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, professor Səttar Mehbalıyev və Aparat rəhbəri Ramin Həsənli, eləcə də Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Şuranın şəhər və rayon təşkilatlarının sədrləri, üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş nitqi ilə açan Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə böyük nüfuz və hörmətə malik olan ağsaqqalların fəaliyyətindən, dəyərli xidmətlərindən söz açıb. Ağsaqqalların Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından bəhs edib. Ağsaqqalların gələcək fəaliyyətinə, eləcə də konfransın işinə uğurlar arzulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov təşkilatın fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, hesabat dövrü ərzində yerli təşkilatın üzvləri rayonda keçirilən bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, habelə gənclərlə aktual mövzularda maarifləndirici işlər apararaq, onların dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda yetişmələri üçün əllərindən gələni əsirgəməyiblər. Sədr, həmçinin, Muxtar Respublika ağsaqqallarının mütəmadi olaraq aktual mövzularla bağlı kütləvi informasiya vasitələrində çıxışlar etdiklərini, səmərəli təklif və tövsiyələr irəli sürdüklərini, o cümlədən Naxçıvana İran İslam Respublikası tərəfindən məlum dron hücumu ilə bağlı qəti etirazlarını bildirərək Bəyanat verdiklərini və həyata keçirdikləri digər işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məmməd Məmmədov məruzəsinin sonunda Naxçıvan ağsaqqallarının öz üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov əvvəlcə tədbir iştirakçılarını və Ümummilli Liderimiz Heydər Əliyevin vətəni, bizim hamımızın doğma diyarı olan Naxçıvan əhalisini Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq, növbəti dəfə Muxtar Respublikada ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərindən bəhs edib. Vurğulayıb ki, Muxtar Respublikanın kompleks inkişafı və bölgənin strateji rolunun artırılması baxımından növbəti mühüm addım olan bu səfər Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvanla bağlı xüsusi xəttinin məntiqi davamıdır. Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Bu sonuncu səfər də dövlətimizin başçısının Naxçıvana göstərdiyi xüsusi diqqətin, həmçinin milli həmrəyliyin göstəricisidir. Eldar İbrahimov qeyd edib ki, bu gün Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə ən dinamik və hərtərəfli inkişaf edən ölkədir və bu sürətli inkişaf Naxçıvan Muxtar Respublikasında da bariz şəkildə hiss olunur. Hər birimiz üçün əziz, doğma olan qədim torpağımız Naxçıvanda aparılan abadlıq, quruculuq işləri, davamlı tərəqqi bizim hamımızı çox sevindirir. Natiq əmin olduğunu bildirib ki, Azərbaycanın tarixi torpaqlarını düşmən tapdağından azad edən polad iradəli dəmir yumruq sahibi, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin güclü diplomatiyası və qətiyyətli siyasi iradəsi nəticəsində Zəngəzur dəhlizi tezliklə açılacaq və biz doğma Naxçıvana quru yolla da səfərlər edəcəyik. Eldar İbrahimov, həmçinin, öz fəaliyyətlərində Ulu Öndər Heydər Əliyevin zəngin tarixi irsini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini xalqımız arasında təbliğ edən, həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə müxtəlif sahələrin inkişafına dəyərli töhfələr verən Naxçıvan ağsaqqallarından da ətraflı danışıb. Onların fəaliyyətini müsbət qiymətləndirib. Bununla yanaşı, öz məsləhət və tövsiyələrini də verib. Əmin olduğunu bildirib ki, hər zaman dövlətə sədaqətləri və aktiv fəaliyyətləri ilə seçilən Muxtar Respublika ağsaqqalları və ziyalıları bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək öz fəaliyyətlərini yüksək səviyyədə davam etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də öz çıxışında tədbir iştirakçılarını salamlayaraq, bəşəriyyətin beşiyi hesab edilən Naxçıvanda olduqlarından məmnunluğunu ifadə edib və göstərilən səmimi münasibətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, qədim dövlətçilik tarixinə malik olan Naxçıvanın tərəqqisi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan xalqına böyük şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevi bəxş edən Naxçıvan Muxtar Respublikasında hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daimi diqqəti sayəsində genişmiqyaslı işlər, böyük infrastruktur layihələr həyata keçirilir. Naxçıvan gündən-günə gözəlləşir və inkişaf edir. Ramin Həsənli də Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirib. Bütün ağsaqqallara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.
Konfransda çıxış edən digər natiqlər də təşkilatın fəaliyyətindən bəhs edərək görülən işləri müsbət qiymətləndiriblər. Əmin olduqlarını bildiriblər ki, Naxçıvan Muxtar Respublikasının ağsaqqalları bundan sonra da aktiv fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Naxçıvanda keçirilən hesabat-seçki konfransında təşkilati məsələlər də müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Təşkilatın sədri vəzifəsinə yenidən Məmməd Məmmədovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə Muxtar Respublikanın nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Konfransda, həmçinin, qərara alınıb ki, sonrakı dövr ərzində yeni sədrin iştirakı ilə Azərbaycan Ağsaqqallar Şurasının Naxçıvan MR rayonları - Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Culfa, Ordubad, eləcə də Naxçıvan şəhəri üzrə yerli təşkilatlarının hesabat-seçki konfransları keçiriləcək.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov və digər konfrans iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda xatirə şəkli çəkilib.