"Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyev dəfn edilib.
Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı general-mayor İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulmuş, onun əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, İsgəndər Allahverdiyev bu gün vəfat edib. O, 11 fevral 1947-ci ildə Bakıda anadan olub. Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.