“İslam dövlətlərinə aid irsdə xristian leksikası var”.
Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
Fərhad Məmmədov bildirib ki, XIX əsrdə Rusiya imperiyasından yardım istənilməsi regiondakı xristian irsi məsələsinin də siyasi kontekstə daxil olmasına səbəb olub. Onun sözlərinə görə, həmin dövrdə Qafqaz Albaniyasının xristian irsi ilə bağlı müxtəlif yanaşmalar formalaşdırılıb və bu irsin müəyyən siyasi məqsədlər üçün istifadəsinə cəhdlər göstərilib.
“Qafqaz Albaniyası yersizdir” yanaşmasının formalaşdırıldığını deyən Fərhad Məmmədov qeyd edib ki, burada dini məsələlərlə yanaşı, dövlətçilik konteksti də ön plana çıxıb. O vurğulayıb ki, XX əsrin əvvəllərində Azərbaycan tarixçiləri də bu məsələnin araşdırılmasına diqqət yetirməyə başlayıblar. Fərhad Məmmədovun sözlərinə görə, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsindən sonra Qafqaz Albaniyasının irsi ilə bağlı araşdırmaların və bu istiqamətdə görülən işlərin daha da gücləndirilməsi vacibdir.
Fərhad Məmmədov həmçinin qeyd edib ki, tarixdə maraqlı bir fenomen yaranıb: İslam dövlətlərinə aid olan bir sıra sənət nümunələri və tarixi abidələr xristian leksikası və terminologiyası ilə əlaqələndirilib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində bu irsə sahib çıxılması və onun qorunması xüsusi əhəmiyyət daşıyır. Çıxışında tarixi-siyasi kontekstə də toxunan Fərhad Məmmədov bildirib ki, XIX əsrdən etibarən Rusiya imperiyasının bölgəni işğal etməsindən sonra Osmanlı imperiyası ərazisində də müəyyən dini-siyasi layihələr həyata keçirilməyə başlanılıb.
O qeyd edib ki, həmin dövrdə kilsələrin maliyyə mənbələrinin artırılması və dini icmaların sayının çoxaldılması istiqamətində fəaliyyətlər gücləndirilib. Fərhad Məmmədov bu proseslərin XIX əsrin sonlarından etibarən daha qabarıq şəkildə müşahidə olunduğunu bildirib.
Nicat Rüstəm