Xərçəng xəstəliyinin əsas yaranma səbəbi genetik dəyişikliklərdir.
Modern.az xəbər verir ki, bu barədə həkim Vasif İsmayıl paylaşım edib. Onun sözlrinə görə, onkoloji xəstəlik genetik dəyişikliklə bağlıdır.
“Onkoloji xəstəliklərinin səbəbi bilinmir” deyə geniş yayılmış yanlış bir təsəvvür var. Xərçəngin nədən yarandığı və necə yarandığı tibb elminə məlumdur. Hətta bir çox halda onun qarşısını almaq və tamamilə aradan qaldırmaq yollarını da bilirik.
Xərçəng xəstəliyinin əsas yaranma səbəbi genetik dəyişikliklərdir. Qısaca “onkoloji xəstəlik = genetik dəyişiklik” deyə bilərik. Ancaq genetik dəyişikliklərə səbəb olan müxtəlif amillər var. Onların da əsas olanlarını belə ümumiləşdirə bilərik:
- Yaşamaq
Yaşadıqca bizdə genetik dəyişiklik meydana gəlmə ehtimalı artır.
- Ətraf mühit
Yaşadığımız mühitin çirklənməsi genetik dəyişikliklərin yaranmasında vacib rol oynayır.
- Zərərli vərdişlər
Alkoqol qəbulu, tütün istifadəsi kimi zərərli vərdişlər də genetik dəyişikliklərin meydana çıxmasında iştirak edir.
- Qidalanma
Xüsusilə də son dövrlərdə həddindən artıq emal olunmuş qidaların qəbulu genetik dəyişikliklər üçün risk faktoru hesab olunur. Bundan əlavə olaraq təhlükəsiz sayılan qidaların belə, həddindən artıq qəbulu nəticədə genetik dəyişikliklərə gətirib çıxara bilir.
Əslində aşağı-yuxarı bütün faktorları hamımız bilirik. Bir tərəfdən bu faktorların hamısına nəzarət edə bilmirik. Nəzarət edə bildiklərimizə isə, nə qədər əməl edə bilirik? Bu sual həmişə açıq qalır", - deyə qeyd olunub.