Modern.az

Bəzi dairələrin bəyanatları ölkələrarası münasibətlərə zərbə vurur - Deputat

Bəzi dairələrin bəyanatları ölkələrarası münasibətlərə zərbə vurur - Deputat

Aktual

Bu gün, 08:57

Vahid məktəbli forması ilə bağlı qərara etiraz edən bəzi qrupların məktəblərə hücum etməsi, dövlət əmlakına ziyan vurması və Masazırda dörd avtomobilin yandırılması barədə məlumatlar yayılıb. Bəzi xarici dairələrin hadisələri qızışdırdığı, Türkiyədəki bəzi qrupların isə məsələni hicab qadağası kimi təqdim etdiyi iddia olunur.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, vahid məktəbli forması dünyanın bir çox ölkəsində tətbiq olunur. Onun sözlərinə görə, Azərbaycanda da bu qərar geniş ictimai müzakirələrdən sonra qəbul edilib.

Deputat qeyd edib ki, əvvəllər Azərbaycanın ayrı-ayrı məktəblərində və regionlarında məktəbli forması ilə bağlı fərqli yanaşmalar mövcud olub. Hazırda isə ölkə üzrə vahid forma tətbiq olunur:

“Vahid məktəbli forması dünyanın bir çox ölkəsində mövcuddur. Hətta Afrika və Asiyada, üçüncü dünya ölkələrinə aid edilən dövlətlərdə belə vahid məktəbli forması var. Azərbaycanda da əvvəllər ayrı-ayrı məktəblərdə və regionlarda bu məsələdə özfəaliyyətə icazə verilirdi. İndi isə bütün ölkə üzrə vahid məktəbli forması müəyyənləşdirilib. Milli adət-ənənələr nəzərə alınıb, geniş ictimai müzakirələr keçirilib və qərar cəmiyyət tərəfindən yaxşı qarşılanıb”.

A.Mirzəzadə bildirib ki, müəyyən qrupların qərara etirazı zamanı baş verən hadisələr və onların koordinasiyalı şəkildə hərəkət etməsi ehtimalı suallar doğurur:

“Lakin müəyyən qruplar buna etiraz etməyə başladılar. Etirazın da formaları var. Məgər hansı ölkədə vahid məktəbli formasına görə məktəbin şüşələrini sındırır, avtomobil yandırır, məktəbi yandırmağa cəhd edirlər? Eyni zamanda, bu məsələlərdə müəyyən koordinasiya hiss olunur. Maraqlıdır ki, hazırda İranda və Ermənistanda Azərbaycanda bir qrupun vahid məktəbli formasına etirazı ilə bağlı geniş məlumatlar yayılır.

Ermənistanı başa düşmək olar. Müəyyən dairələr hələ də revanşist yanaşmalardan əl çəkməyiblər. İranın bəzi dairələrinin hərəkətləri isə qonşuluq münasibətlərinə zərbə vurmaq cəhdidir”.

Deputat vurğulayıb ki, Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmayıb. O, Azərbaycanın müstəqil qərarlarına kənardan müdaxiləni qəbuledilməz hesab edir:

“Azərbaycan heç zaman İranın daxili işlərinə qarışmayıb. Heç bir siyasətçi, heç bir ekspert Azərbaycanın hansısa məsələdə İranın daxili işlərinə qarışmasına dair fakt gətirə bilməz. Təəssüf ki, vaxtaşırı İrandan bunun əksini görürük. Azərbaycanın müstəqil dövlət olaraq daxili məsələlərini özü həll etməsinə kənardan irad bildirilməsi qəbuledilməzdir və münasibətlərimizə zərbə vurur.

Düzdür, İranın ali rəhbərliyi və rəsmi dairələri Azərbaycanla münasibətləri qoruyub saxlamağa çalışırlar. Lakin İranın müəyyən dairələrinin, hətta rəsmi dövlət mətbuat orqanlarının Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayması təəssüf doğurur”.

A.Mirzəzadə Türkiyədə bəzi şəxslərin vahid məktəbli forması ilə bağlı açıqlamalarına da münasibət bildirib. O qeyd edib ki, Azərbaycan Türkiyəni dost və qardaş ölkə hesab edir və iki ölkənin münasibətlərinə xələl gətirə biləcək bəyanatların səsləndirilməsini düzgün saymır:

“Türkiyədə də bəzi qrupların, təəssüf ki, Yeni Azərbaycan Partiyasının dostluq münasibətlərində olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) bəzi şəxslərin Azərbaycanda vahid məktəbli forması ilə bağlı dostluğa yaraşmayan bəyanatlar səsləndirməsi təəssüf doğurur. Bizim üçün Türkiyə dost və qardaş ölkədir. Heç zaman Türkiyənin daxili işlərinə qarışmamışıq. Türkiyənin də, İranın da həmişə yanında olmuşuq, ən çətin dövrlərdə dəstək göstərmişik. Heç kəs bizi dinə münasibətimizlə bağlı ittiham edə bilməz”.

Deputat Azərbaycanın dini sahədəki siyasətinə də toxunaraq bildirib ki, ölkədə dini abidələrin qorunması, dini təhsil və ibadət azadlığının təmin olunması üçün imkanlar mövcuddur:

“Müstəqillik dövründə Azərbaycanda minlərlə məscid tikilib. Bu gün ölkəmizdə dini abidələr dövlət hesabına qorunur, dindarlar maaş alırlar. Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir, Quran kursları açıqdır, inanclı insanlar sərbəst şəkildə müqəddəs yerlərə səfər edib geri qayıdırlar. Belə olan halda, kimlərinsə Azərbaycanda hər hansı məsələni dinlə əlaqələndirməsi qətiyyən yolverilməzdir”.

A.Mirzəzadə ümid etdiyini bildirib ki, həm İranda, həm də Türkiyədə bu narahatlıqlar nəzərə alınacaq və ikitərəfli münasibətlərə xələl gətirən addımlara yol verilməyəcək.

Deputat əlavə edib ki, vahid məktəbli forması ilə bağlı etirazlar artıq səngiyib və tədris prosesi normal qaydada davam edir:

“Vahid məktəbli forması ilə bağlı bir neçə qrupun etirazı da səngiyib və məktəblərdə dərslər davam edir. Yüz minlərlə uşağımız və yeniyetməmiz vahid məktəbli formasında dərslərə gedir, bilik əldə edir. Dünyəvi dövlətdə dünyəvi məktəblər, dünyəvi məktəblərdə isə dünyəvi məktəbli forması olmalıdır. Bu məsələ artıq öz həllini tapıb. Lakin İranda və Türkiyədə səsləndirilən bəzi qeyri-dost çağırışları qeyd edir və hesab edirik ki, ikitərəfli münasibətlərin qorunub saxlanılması naminə belə addımlara yol verilməməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!