Misirdə təxminən 3 400 il yaşı olan 40-a yaxın papirus parçası aşkar edilib. Onların üzərində qədim rituala aid rəsmlər və yazılar qorunub saxlanılıb.
Modern.az xəbər verir ki, ritualın təsvir olunduğu fraqmentlər arxeoloji qazıntılar zamanı, III Tutmosun məbədinin yaxınlığında, qədim Fiva ərazisində, müasir Luksor şəhərindən çox da uzaq olmayan yerdə tapılıb. Bəzi papiruslarda ritual zamanı yarandığı ehtimal edilən yanıq izləri və deşiklər müşahidə olunub.
“Apofisin məhv edilməsi” adlanan ritual ilan obrazının simvolik şəkildə məhv edilməsini nəzərdə tuturdu. Bunun üçün ilanın təsvirini deşir, tapdalayır və yandırırdılar. Bu yolla xaos qüvvələrinə qarşı mübarizədə günəş tanrısı Ra-ya kömək etməyə çalışırdılar. Lakin bu mərasimdə istifadə olunan dualar yalnız mifik ilana qarşı yönəlmirdi.
Zaman keçdikcə ritualdan fironun düşmənlərinə, şəxsi bədxahlarına, xəstəliklərə, zəhərlərə və hətta pis hava şəraitinə qarşı da istifadə olunmağa başlanılıb.
Bu tapıntı qədim Misirdə belə mərasimlərin keçirildiyini təsdiqləyən nadir maddi sübutlardan biri hesab olunur.