Soyuq havaların başlaması ilə sürücülər avtomobilin şüşələrini buzdan təmizləmək üçün xeyli vaxt itirirlər. Lakin gecə ərzində ön şüşənin buz bağlamasının qarşısını almaq üçün sadə üsul var: adi dəsmaldan istifadə etmək.
Modern.az xəbər verir ki, ekspert Conatan Karkone avtomobilin ön şüşəsini axşamdan köhnə dəsmalla örtməyi və kənarlarını şüşəsilənlərlə bərkitməyi tövsiyə edir. Bu üsul buzun yaranmasını azaldır və səhər şüşəni uzun müddət təmizləmək ehtiyacını aradan qaldırır.
Britaniyanın RAC avtomobil təşkilatının mütəxəssisləri də avtomobili şaxtalı gecələrə əvvəlcədən hazırlamağı məsləhət görürlər. Bunun üçün mümkündürsə, avtomobili qarajda saxlamaq, qaraj yoxdursa, binaya mümkün qədər yaxın park etmək və ya ön şüşəni quru karton parçası ilə örtmək lazımdır.
Karton şüşə üzərində buzun yaranmasına mane olan qoruyucu təbəqə yaradır. Lakin yağış yağarsa, karton islanaraq qoruyucu xüsusiyyətini itirə və şüşədə çirkli izlər buraxa bilər. Buna görə bu üsul yalnız quru hava şəraitində tövsiyə olunur.