FIFA ABŞ Prezidenti Donald Trampın ilk laureatı olduğu Sülh mükafatını ləğv etməyi nəzərdən keçirir. Alternativ variantlar arasında mükafatın adının və təqdimetmə qaydalarının dəyişdirilməsi də var.
Modern.az xəbər verir ki, FIFA rəhbərliyi mükafatın gələcək taleyini qiymətləndirməyi xüsusi komitəyə tapşırıb.
Qərarın yenidən nəzərdən keçirilməsinin əsas səbəblərindən biri FIFA prezidenti Canni İnfantino ilə Donald Tramp arasındakı yaxın münasibətlərə yönələn tənqidlərdir. Bəzi futbol nümayəndələri bu əlaqələrin təşkilatın siyasi neytrallığına və müstəqilliyinə şübhə yaratdığını düşünürlər.
FIFA Sülh mükafatı 5 noyabr 2025-ci ildə təsis edilib. İlk laureat Donald Tramp olub. Ona mükafat 5 dekabr 2025-ci ildə Dünya Çempionatının püşkatma mərasimi zamanı təqdim edilib.
Hələlik mükafatın ləğvi və ya adının dəyişdirilməsi ilə bağlı yekun qərar qəbul edilməyib.