Niderlandda Honkonqa qanunsuz aparılmağa cəhd olunan 26 nadir Vallarta palçıq tısbağası aşkarlanıb.
Modern.az xəbər verir ki, hadisə paytaxtı Amsterdamın Sxiphol hava limanında qeydə alınıb.
Heyvanlar noyabrın 21-də gömrük əməkdaşları tərəfindən baqaj yoxlanışı zamanı tapılıb. Onlar qutuda və çamadanda gizlədilib, hərəkətlərini məhdudlaşdırmaq üçün yapışqan lentlə sarınıblar. Buna baxmayaraq, 26 tısbağanın hamısı sağ qalıb və xilasetmə mərkəzinə yerləşdirilib.
2018-ci ildə kəşf edilən bu növün təbiətdə cəmi 300-ə yaxın fərdinin qaldığı ehtimal olunur. Onların yaşayış arealı Meksikanın Xalisko ştatı ilə məhdudlaşır.
Tısbağalar nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir və beynəlxalq səviyyədə ən yüksək qorunma statusuna malikdir. Qanunsuz ovlanma bu nadir növün populyasiyasına ciddi təhlükə yaradır.
Hadisə ilə bağlı saxlanılan sərnişin barəsində araşdırma aparılır.