Türkiyənin şimal-şərqində, Rizə vilayətinin Keprubaşı kəndinə pilotsuz uçuş aparatı (PUA) düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Modern.az yerli mediaya istinadla bildirir ki, gecə saatlarında kənd sakinləri güclü partlayış səsi barədə təcili xidmətlərə məlumat veriblər. Hadisə yerinə gələn jandarm əməkdaşları uçuş aparatının qanad və gövdə hissələrini aşkarlayıblar.
Partlayış nəticəsində dörd evin pəncərələri zədələnib. Düşən obyektin yerində 70 kvadratmetr sahəsi olan çuxur yaranıb. Ən yaxın yaşayış binası hadisə yerindən 300 metr məsafədə yerləşir.
Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, hətta bir kilometr uzaqlıqdakı evlərin pəncərələri belə titrəyib.
Jandarm hadisə yerinə giriş-çıxışı məhdudlaşdırıb. Türkiyə rəsmiləri hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.