Modern.az

26 sentyabr 2020-ci il və SABAH...

Ölkə

Bu gün, 12:01

Bu gün 26 sentyabr 2026-cı ildir.

Bakı küçələrində Formula 1 yarışına qatılan maşınlar şütüyür. Mühərriklərin uğultusu şəhərin səsinə qarışır, onların səsi dünyanı Bakıya çevirir.

Bu səs-küyün içində daha yüksək bir səs eşidilir, SABAHIN səsi...

26 sentyabr 2020-ci illə bizi altı il ayırır. Amma adama elə gəlir ki, bu gün yenə həmin gündür. Keçən hər gün bizi o günə daha çox yaxınlaşdırır, şəhidlərimizi daha çox sevdirir, qələbəmizi daha dərindən daddırır, Ali Baş Komandanın iradəsinin gücünü daha aydın göstərir.

Sizi bilmirəm, məni bu hisslər bürüyür.

Yadınızdadır, 26 sentyabr 2020?

26 sentyabr 2020-də, Azərbaycan müharibəyə bir gün qalmış necə yaşayırdı?

Bəlkə də yadımızda deyil, axı o gün tarixə düşəcək gün kimi başlamamışdı. Səhər açılmışdı. Hərə öz dərdində idi, kimi işə gedir, kimi uşağını məktəbə hazırlayır, kimi dostu ilə görüşür, kimi də sabah üçün plan qururdu. Azərbaycan adi bir gününü yaşayırdı. Şayiələri istisna etsək, heç nədən xəbərimiz yox idi.

Heç kim bilmirdi ki, sabah başqa sabah olacaq. Heç kim bilmirdi ki, 26 sentyabr gecəsi Azərbaycan 30 illik ağrının son gecəsini yaşayır.

Biz heç nə bilmirdik...

SABAH biləcəkdik.

SABAH...



Sabah müharibə başlayacaqdı. Qəhrəman oğullar Vətənin müdafiəsinə atılacaqdı. Sabah anaların gözləmə günləri, ataların gecələr telefon səsinə oyanacağı günlər gələcəkdi. Hamının gözü Ali Baş Komandanın çıxışlarına dikiləcəkdi. Sabah Azərbaycan bir nəfər kimi ayağa qalxacaqdı. Sabah 44 gün ərzində bir millətin taleyi yenidən yazılacaqdı.

26 sentyabrda bunların heç biri baş verməmişdi.

Biz heç nə bilmirdik.

26 sentyabr nə idi?

Ərazi bütövlüyümüzə aparan tarixin əvvəlki günü idi. Şuşanın azadlığına gedən yolun bir gün əvvəli idi. Kəlbəcərin azadlığının müjdəsini verəcək günün başlanğıcı idi. Xankəndiyə qayıdışın, Xocalının azadlığının, Ağdərənin yenidən Azərbaycan xəritəsində görünməsinin gələcəkdə olduğu gün idi. 30 il yurd həsrəti çəkən insanların intizarının bitməsindən əvvəlki gün idi. Bir nəslin illərlə içində daşıdığı “Görəsən, biz Qarabağa qayıda biləcəyikmi?” sualının hələ cavabsız qaldığı gün idi. Qarabağın xatirə, həsrət olduğu gün idi.

26 sentyabrın özündən xəbəri yox idi. Dəqiq olan bu idi.

O gün bilmirdi ki, sabah onun adı tarixə düşəcək, bir neçə saat sonra Azərbaycan xalqının yaddaşında yeni bir təqvim başlayacaq. Bilmirdi ki, “sabah” sözü bundan sonra əvvəlki mənasında olmayacaq. Sabahdan sonra “Qarabağ” deyəndə yalnız xatirə dillənməyəcəkdi, QƏLƏBƏ danışacaqdı...

Həmin gün Ali Baş Komandan da susurdu...

Bütün məsuliyyəti çiyinlərində daşıyan Ali Baş Komandan həmin gün sakit idi. Heç kim bilmirdi ki, sabah veriləcək qərar milyonlarla insanın həyatının ritmini dəyişəcək, Azərbaycan bir dövlət kimi öz tarixinin ən ağır, amma ən şərəfli sınaqlarından birinə girəcək. Çox qəribədir e, bəzən tarix ən böyük qərarlarını sükutla gözləyir. 26 sentyabrın sükutunda 27 sentyabrın gurultusu gizlənmişdi.

SABAH...

Sabah şəhərlərdə bayraqlar görünəcəkdi. İnsanlar əsgərlərə su, çörək, paltar və hər cür yardım aparmaq üçün növbəyə düzüləcəkdi. Sosial şəbəkələrdə “Azərbaycan əsgəri, yanındayıq!” cümləsi milyonlarla insanı birləşdirəcəkdi. Bir xalqın içində illərlə yığılan ağrı bitəcəkdi. Yaddaş səfərbərliyi Qarabağ, Kəlbəcər, 30 illik həsrətin yaddaşı ilə başlayacaqdı.

26 sentyabrda...

Bir ana oğlunun sabah cəbhəyə gedəcəyini bilmirdi. Bir ata son dəfə oğlunun üzünə baxdığını bilmirdi. Bir gənc həyatının istiqamətinin dəyişəcəyini bilmirdi. Bir uşaq atasını uzun müddət görməyəcəyini bilmirdi. Bir əsgər qarşıdakı 44 günün ona nələr gətirəcəyini bilmirdi. Son görüşü, son söhbəti olduğunu heç kim bilmirdi.

Biz heç nə bilmirdik.

Tarix isə bilirdi.

26 sentyabrın sabahının içində bir xalq vardı...

Sabah bir xalq özünə qayıdacaqdı. İllərlə içimizdə ağır yükə çevrilən məğlubiyyət hissinin yerini qürur tutacaqdı. Kimliyimizi, dünyaya baxışımızı sabah dəyişəcəkdi.

Sabah anlayacaqdıq ki, Vətən daha xəritədəki rəng deyil, bir ananın göz yaşında, bir əsgərin çiynində, bir şəhidin qanında, bir uşağın yaddaşında, bir bayrağın kölgəsində yaşayan müqəddəs addır.

6 il sonra...

Bu gün 26 sentyabr 2026-cı ildir.

Bakının küçələrində Formula 1 maşınları şütüyür. Nədirsə, mənə elə gəlir ki, o maşınların səsində SABAH görünür. Amma bu dəfə biz sabahın nə gətirdiyini bilirik.

Bilirik ki, 27 sentyabr 2020-də başlayan 44 günlük müharibə Azərbaycan tarixinin böyük dönüş nöqtəsinə çevrildi. Şuşaya gedən yol açıldı. Kəlbəcərin, Laçının, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının adı azadlıq xəbərləri ilə birlikdə çəkildi.

Amma bir şeyi unutmamalıyıq, unutmamalıyıq ki, bütün bunlar 26 sentyabrda hələ gələcək idi.

Həyatın ən böyük günləri həmişə böyük görünmür. Ən böyük tarixlər bəzən ən adi səhərlərdə başlayır. Məncə elə 26 sentyabrın ən böyük sirri bundadır...

Biz bu gün 26 sentyabra, geriyə baxırıq, o gün isə SABAHa baxırdı. Hikmətə bax, Allah, Allah...

26 sentyabr 2020-cil və SABAH...

O  gündən yeni sabahlar davam edir. O gündən bəri hər günü yeni sabah kimi qarşılayırıq. Bir sabah adi sabah ola bilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada panika! Ukrayna dağıdır - Moskvaya ard-arda hücumlar