Modern.az

Ay erməni, stepanakert yox, Xankəndi, karvaçar yox, Kəlbəcər

Aktual

Bu gün, 11:36

Yerevan yox, İRƏVAN!

Bu gün Azərbaycanda Suverenlik Günü qeyd olunur. Suverenlik hansısa hərbi əməliyyatın başa çatması, bayrağın ucaldılması, sərhədlərin nəzarətə götürülməsi ilə sərhədlənmir. Suverenlik dövlətin öz ərazisində öz qanununu işlətməsi, öz şəhərinin adını özü müəyyənləşdirməsi, öz tarixini başqasının diktəsi olmadan yaşatmasıdır.

Üç il öncə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan bir günlük antiterror tədbirləri həyata keçirərək öz ərazilərində suveren hüququnu tam bərpa etdi. Beynəlxalq hüquqda suverenlik anlayışı sadə formula malikdir, bir dövlətin öz ərazisinin bütün hissəsində, xarici müdaxilə və ya paralel hakimiyyət strukturu olmadan, tam və bölünməz nəzarətə malik olması. Otuz ilə yaxın müddətdə Azərbaycan bu tərifin əsas elementindən, ərazi bütövlüyündən məhrum idi.

Qarabağ və Şərqi Zəngəzur otuz ildən artıq müddətdə erməni işğalı altında qaldı. Hesab etmək olmaz kli, işğal faktı təsadüfi geosiyasi hadisə olub. Ermənistan bu işğalı, tarixən "bacı" saydığı Fransa və diaspor-lobbi dəstəyi, "ata" saydığı Rusiyanın hərbi-siyasi çətiri altında həyata keçirdi. Nəticədə Ermənistanın hərbi təcavüzü Azərbaycanən 17 min kvadratkilometr ərazisində 900-dən çox yaşayış məntəqəsinin işğalı ilə nəticələndi, bir milyondan artıq insan məcburi köçkün statusuna düşdü.

İşğalın kulminasiya nöqtəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verdi. Azərbaycan Baş Prokurorluğunun sübut edilmiş istintaq materiallarına görə, Xocalıda baş verənlər planlı soyqırımı aktı idi. Əhalinin ərazidən çıxış yollarında əvvəlcədən hazırlanmış pusqularda gülləbaran edilməsi bunu sübut edir. Azərbaycan parlamentinin rəsmi bəyanatına görə, qurbanların arasında başının dərisi soyulmuş, əzaları kəsilmiş, uşaqları və hamilə qadınları əhatə edən qeyri-insani üsullarla qətllər qeydə alınıb. İtkin düşənlər də daxil olmaqla Xocalı qurbanlarının sayı 1050 nəfərdən çox olub.

Ağdaban, Başlıbel və yüzlərlə digər Azərbaycan yaşayış məntəqəsində analoji qırğınlar təkrarlanıb. Bunların hamısını birləşdirən ortaq amil qurbanların etnik mənsubiyyətinə görə hədəf seçilməsi idi. Xocalı soyqırımı bu günə qədər Meksika, Pakistan, Çexiya, Bosniya, Serbiya, İordaniya, Sloveniya parlamentləri və ABŞ-ın 20-dən artıq ştatı tərəfindən rəsmi sənədlərlə tanınıb.

Tarixi faktlar sübut edir ki, Qarabağın işğalından əvvəl, hələ 1987-1989-cu illərdə eyni ssenari Ermənistan SSR ərazisində Qərbi Azərbaycanda sınaqdan keçirilib. BMT Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi rəqəminə görə, 1988-ci ilin dekabrına qədər Ermənistan ərazisində yaşayan 182 min azərbaycanlı (əlavə mənbələrə görə ümumilikdə 400 min nəfərə qədər) zorla öz tarixi torpaqlarından qovulub. Rusiyalı tarixçi Yuri Pompeyevin təsvirinə görə, silahsız, müdafiəsiz insanlar çılpaq və əliyalın evlərindən qovularaq "Rədd olun Ermənistandan!" sözləri ilə yola salınıb. Qışın şaxtasında dağlara üz tutan insanların bir qismi donaraq, bir qismi ürək tutmasından həlak olub. Diri-diri yandırılan, etiraz edənlərin yerində güllələnməsi faktları da kifayət qədərdir.

Qərbi Azərbaycanda faciə insan sürgünü ilə bitmədi. Qərbi Azərbaycan İcmasının məlumatına görə, ermənilər azərbaycanlıların izini tarixdən silmək məqsədilə yalnız 1988-ci ildən sonra 2000-dən artıq qəbiristanlığı dağıdıb, 34 rayonun adını dəyişdirib (Qəmərli Artaşat, Basarkeçər Vardenis, Qarakilsə Sisian və s.). Bu, işğal dövründə Qarabağda təkrarlanan toponim siyasətinin, əslində, ilk sınaq mərhələsi idi.

Bəli, Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi ikinci, paralel işğal formasını toponimlərin  yer adlarının məhv edilməsi təşkil edir. AMEA Coğrafiya İnstitutunun araşdırmasına görə, işğal dövründə Azərbaycan ərazilərindəki 277 coğrafi ad erməniləşdirilib. Konkret nümunələr bunu aydın göstərir. Xankəndi  Stepanakert, Şuşa Şuşi, Kəlbəcər  Karvaçar, Ağdərə Mardakert, Ağdam Akn, Füzuli Varanda, Zəngilan Kovsakan, Qubadlı Sanasar, Cəbrayıl Crakan, hətta soyqırımın baş verdiyi Xocalı İvanyan (işğal planının müəllifi sayılan rus generalının şərəfinə) kimi təqdim edilib.

1995-ci il noyabrın 7-də Ermənistanın qəbul etdiyi "İnzibati-ərazi bölgüsü haqqında" qanun formal olaraq bu dəyişikliyə hüquqi don geydirdi. Baxmayaraq ki, beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları işğalçı dövlətə işğal etdiyi ərazinin adını dəyişdirmək səlahiyyəti vermir. Göründüyü kimi, Ermənistan parlamenti həm beynəlxaql qanunları, həm də adi insani yanaşmaları bu qanunla heçə endirib.

Prosesin ən narahatedici tərəflərindən biri Erməni Apostol Kilsəsinin roludur. Tarixi sənədlər göstərir ki, kilsə rəhbərliyi zorakılığın qarşısını almaq əvəzinə, "Böyük Ermənistan" ideologiyasının formalaşmasında və yayılmasında fəal iştirak edib. Dini institut, əslində, etnik təmizləmə prosesinin ideoloji əsaslandırılmasına xidmət göstərib. Bu, dini rəhbərliyin humanitar missiyasından kənara çıxaraq, siyasi-ərazi iddialarının alətinə çevrilməsinin tarixi nümunəsidir.

Bütün bu ağır dövrdə Azərbaycanın gələcək strategiyasının təməlini Ümummilli Lider Heydər Əliyev qoydu. Onun uzaqgörən, məqsədyönlü dövlətçilik kursu, ordu quruculuğu, iqtisadi müstəqillik, beynəlxalq diplomatik mövqelərin möhkəmləndirilməsi sonrakı onilliklərdə ərazi bütövlüyünün bərpası üçün zəruri baza yaratdı.

Bu strateji kursu davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan 2020-ci il Vətən müharibəsində, ardınca 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünü tam bərpa etdi. Bayraq bu gün Azərbaycanın bütün beynəlxalq tanınan ərazisində dalğalanır. "Böyük Ermənistan", "Artsax" kimi irredentist, insanlığa və türk xalqlarına qarşı yönəlmiş ideoloji konstruksiyalar tarixin arxivinə göndərildi.

Azərbaycan dəfələrlə rəsmi səviyyədə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə yaşamaq istəyən hər kəs, o cümlədən etnik ermənilər, bunu Azərbaycanın suveren qanunvericiliyi çərçivəsində, düzgün toponimlərdən istifadə edərək edə bilər. Xankəndini Xankəndi adlandırmaq, Ağdərəni Ağdərə adlandırmaq beynəlxalq hüququn və suverenliyin elementar tələbidir. Heç kəs Xankəndidən zorla qovulmayıb. Bu, könüllü seçim məsələsi olub, halbuki eyni dövrdə Qərbi Azərbaycanda azərbaycanlılara qarşı tam əksi baş verirdi.

Faktların ardıcıllığı aydın bir xronologiya təşkil edir. 1988-ci ildə Qərbi Azərbaycandan tam etnik təmizləmə, 1992-ci ildə Xocalı soyqırımı, otuz illik işğal və sistemli toponim siyasəti ilə davam edən mədəni-tarixi məhv etmə cəhdi, nəhayət 2020 və 2023-cü illərdə bunların hüquqi-hərbi bərpası. Suverenlik Günü, məhz bu uzun, ağır yolun rəsmi, hüquqi nəticəsinin adıdır.

Bu gün Azərbaycan suverenliyini qeyd edərkən ermənilər şüvən salaraq Xankəndi arzulayırlar. Amma yenə də Xankəndiyə Stepanakert deyirlər.

Ay ermənilər, niyə anlamırsınız, Xankəndiyə Stepanakert deməklə Xankəndi başqa dövlətin şəhərinə çevrilmir. Şuşanı Şuşi adlandırmaqla onun Azərbaycan tarixindəki yeri silinmir. Kəlbəcəri Karvaçar adlandırmaqla Azərbaycanın suverenliyi sual altına düşmür.

Stepanakert, Şuşi, Karvaçar, Yerevan deməklə sülhə qarşı çıxırsınız. Azərbaycan yeni müharibə istəmir. Ancaq siz yeni müharibə istəsəniz qondarma Ermənistan adını tarixdən özünüz silmiş olacaqsınız.

Azərbaycanın suverenliyi müzakirə mövzusu deyil. Onun qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi isə hər birimizin məsuliyyətidir.

 

Dövlət Suverenliyi Günümüz mübarək!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı