Modern.az

Hətta bu üzdən ağzı əyilənlər də var...

Hətta bu üzdən ağzı əyilənlər də var...

Aktual

24 Noyabr 2015, 10:07

Vətəndaş cəmiyyəti institutlarının təşkilatçılığı ilə keçirilən tədbirə ilk dəfə 2000-ci ilin əvvəllərində qatılmışam. O vaxt Böyük Britaniyada fəaliyyət göstərən hansısa nüfuzsuz qeyri-hökumət təşkilatı Azərbaycan jurnalistləri üçün seminar təşkil etmişdi. Məqsəd insan hüquqlarından yazan gənc qələm sahiblərinin peşəkarlığının artırılmasına yardım etmək idi.

Mövzu insan hüquq və azadlıqları olduğu üçün Ermənistanın təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımız barədə tez-tez söz salır, Avropadan gələn ekspertləri Azərbaycan üçün son dərəcə əhəmiyyətli olan bu vacib məsələyə xüsusi diqqət ayırmağa səsləyirdim. Mən hər dəfə Dağlıq Qarabağ problemindən danışanda Böyük Britaniyadan olan qonaqların qaşları düyünlənir, onların azərbaycanlı partnyorlarının ağızları isə bir qarış yana əyilirdi. Gənc və təcrübəsiz olduğum üçün məsələnin mahiyyətini anlamağa çətinlik çəkir, saqqallı ingilislərin Dağlıq Qarabağ probleminə laqeyd yanaşdıqlarını görəndə əməlli-başlı sarsıntı keçirirdim. Axşam seminarın ilk iş gününə yekun vurulanda hiss etdim ki, emosional çıxışlarım üzündən “arzuolunmaz adam”a çevrilmişəm. Sabah tədbirə qatılacaq jurnalistlərin siyahısında adımı görməyəndə, bu qənaətimdə yanılmadığımı başa düşdüm. Öz ölkəsində düz-əməlli uğura imza atmayan hansısa avaragor ingilisin mənasız çıxışlarına qulaq asmaqdan ötrü ürəyim getməsə də, “oyundankənar vəziyyət”də qalmağımın səbəbi ilə maraqlandım. Nisbətən təcrübəli olan həmkarlarımdan biri qısa və konkret izahat verdi: “Xarici donorların vəsaiti ilə keçirilən tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti barədə danışmaq qadağandır!”.

Orta və yaşlı nəsli təmsil edən həmkarlarım həmin dövrü yaxşı xatırlayırlar. Amerika və Avropada fəaliyyət göstərən QHT-lər 2000-2008-cu illərdə Azərbaycanda yüzlərlə konfrans, seminar və təlim təşkil ediblər. Bu tədbirlərdə prioritet mövzu həmişə insan hüquq və azadlıqları olub. Amma təşkilatçılar azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarından danışmağa heç vaxt imkan verməyiblər. Lakin özlərinin hətta əyalətdə yaşayan partnyorlarının birinin ayağına daş dəyəndə verdikləri bəyanatların vərəqləri havada uçuşub...

Milli donorların fəaliyyətə başlaması bu sahədə keyfiyyət dəyişikliyinə səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranması vətəndaş cəmiyyəti institutlarının həyatında yeni səhifə açdı. Şura QHT-lərin bütün mütərəqqi ideyalarını dəstəkləməklə onların xaricdən asılılığına tədricən son qoydu. Hazırda Azərbaycanda 4000-dən artıq QHT-nin fəaliyyət göstərməsi bu sahədə əldə edilmiş böyük uğur kimi qiymətləndirilə bilər.

QHT Şurası yarandığı ilk gündən Azərbaycan üçün vacib olan bütün layihələrə dəstək verib. Ötən müddət ərzində yerli QHT-lər Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi, qaçqın və məcburi köçkünlərin hüquqlarına dair yüzlərlə layihə həyata keçiriblər. QHT Şurasının dəstəyilə Ermənistanın işğalçılıq siyasətini ifşa edən yüzlərlə kitab nəşr olunub, çoxlu saytlar yaradılıb, saysız-hesabsız konfrans və seminarlar keçirilib. Əgər bu gün beynəlxalq ictimaiyyət birmənalı şəkildə Ermənistanı təcavüzkar dövlət kimi qəbul edirsə, bund Şuranın danılmaz payı var. Təqdirəlayiq haldır ki, Şura bu prosesə xarici QHT-ləri də cəlb edə bilib. Artıq bir neçə ildir ki, Avropanın nüfuzlu QHT-ləri öz ölkələrində Ermənistanın təcavüzkar siyasətini pisləyən layihələr həyata keçirirlər.


QHT Şurasının qazandığı uğurların kökündə bu qurumun şəffaf fəaliyyət göstərməsi dayanır. Şura QHT-lərə maliyyə vəsaiti ayıranda təşkilatların adlarını, rəhbər şəxslərin kimliyini deyil, müsabiqəyə təqdim olunmuş layihələrin əhəmiyyətini əsas götürür. Bu zaman anonimliyə tamamilə əməl olunur, gələcəkdə şübhələrə səbəb olacaq heç bir hərəkətə yol verilmir. Nəticələrlə razılaşmayan QHT-lərə hüquqi müstəvidə mübarizə aparmaq üçün hər cür şərait yaradılır. Şura yeganə donor təşkilatıdır ki, maliyyə müsabiqəsinin nəticələrindən  narazı qalan QHT-lər üçün  öz qərarını mübahisələndirmək məqsədilə appelyasiya imkanları yaradıbdır.

Şura qanun çərçivəsində fəaliyyət göstərən, Azərbaycanın milli maraqlarını öz mənfəətindən üstün tutan, QHT-lər üçün etibarlı partnyor, “reket” jurnalistlər üçün isə “çörək ağacı”dır. Təəssüf ki, bütün işgüzar qurumlar kimi, QHT Şurası da zaman-zaman “reket” jurnalistlərin hücumuna məruz qalır. Xüsusi istedadı, yazı manerası, müstəqil mövqeyi olmayan bəzi “jurnalistlər” arabir QHT Şurasının rəhbərliyini hədəfə götürməklə olmayan “qiymətlərini” artırmağa çalışırlar. Onlar özlərinin şəxsi maraqlarını təmin etmək üçün yalan yazmaqdan, həqiqətə uyğun olmayan məlumatları tirajlamaqdan, ən əsası isə oxucuları aldatmaqdan çəkinmirlər. Bir daha təəssüflə qeyd etmək istəyirəm ki, son günlər şər-böhtan maşını yenə işə düşüb. QHT Şurası və onun rəhbərliyi haqda yazılan cızma-qaraları oxuyanda jurnalistikanən etibardan düşməsinin səbəbləri tamamilə aydın olur. QHT Şurasının sədri hörmətli Azay Quliyevin yaxın qohumlarını məsul vəzifələrə təyin etməsilə bağlı iddia ilə tanış olanda qeyri-ixtiyari olaraq, yadıma “Əhməd haradadır” filmindəki məşhur fraqment düşdü: “Oğul atadan qocadır ki...”

İnsan reallıq hissini itirəndə həmişə belə çətin vəziyyətə düşür. Əgər bu adamlar məntiq elmindən azacıq xəbərdar olsaydılar, orta məktəbin 3-cü sinif şagirdi səviyyəsində kiçik riyazi hesablama aparmaqla bu cür gülünc vəziyyətə düşməkdən xilas ola bilərdilər.

QHT Şurasının rəhbərliyinə qarşı növbəti hücumun parlament seçkilərindən sonrakı dövrə təsadüf etməsi səbəbsiz deyil. Görünür, Şura sədri Azay Quliyevin uğulu seçki kampaniyası aparması bəzi adamların yuxusuna haram qatıb. Həmişə belə olur; həyatda uğur qazana bilməyən adamlar çox vaxt təsəllini başqalarının qələbəsinə ağız büzməkdə tapırlar. Hətta bu üzdən ağzı əyilənlər də var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı