Azərbaycanla Özbəkistanın arasında çox böyük proses gedir. Hətta elə proses ki, son illərdə baş verənləri "qardaş ölkələrin yaxınlaşması" adlandırmaq olmur. Cəmi bir neçə ilin içində strateji tərəfdaşlıqdan müttəfiqliyə, prezidentlərin şəxsi təmaslarından daimi institusional mexanizmlərə, siyasi yaxınlıqdan iqtisadi və nəqliyyat layihələrinə keçid baş verdi.
Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana nəzərdə tutulan dövlət səfərinı və Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də məhz bu prosesin böyük davamıdır.
Həttta analitiklər Azərbaycan Özbəkistan münasibətlərini Azərbaycan Türkiyə münasibətləri kimi xarakterizə edirlər.
Yaxınlaşmanın sürəti və çoxspektirliliyi ortaya sual çıxarır, Bakı ilə Daşkəndi bu qədər yaxınlaşdıran nədir və Azərbaycan-Özbəkistan müttəfiqliyinin arxasında hansı geosiyasi və iqtisadi hesab dayanır?
Görünən odur ki, üç il əvvəl başlayan proses bu gün ən yüksək mərhələdədir. Doğrudur, Azərbaaycan-Özbəkistan münasibətləri hər zaman isti olub. Tarixi bağlılıq, türk və islam amili burada ciddi rol oynayıb. Hazırda isə tam başqa fazadan söhbət gedir. Münasibətlərin hazırkı səviyyəsini anlamaq üçün xronologiyaya baxmaq kifayətdir. 2023-cü il Ali Dövlətlərarası Şura yaradıldı. Bu, ikitərəfli əlaqələr üçün ilk daimi institusional mexanizm oldu. 2024-cü il də "Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında Bəyannamə" imzalandı və münasibətlərin hüquqi statusu yüksəldi. 2025-ci ildə "Müttəfiqlik Münasibətləri haqqında Müqavilə" imzalandı, ardınca müttəfiqliyin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün Yol Xəritəsi formalaşdırıldı. 2026-cı ilin avqustu, Ali Dövlətlərarası Şuranın üçüncü iclası Daşkənddə keçirilir.
Dövlətlərarası münasibətlər pilləli, diplomatik əlaqədən tərəfdaşlığa, oradan strateji tərəfdaşlığa və nəhayət müttəfiqliyə doğru inkişaf edir. Analitiklərin qeyd edir ki, son pilləyə çatmaq adətən 10-20 illik ardıcıl əməkdaşlıq tələb edir. Azərbaycan-Özbəkistan bu prosesi qeyri-adi templə keçib.
İstənilən halda prosesə adi diplomatik aktivlik kimi yanaşmaq olmur, bu, münasibətlərin institusionallaşdırılmasıdır. Başqa sözlə, Bakı ilə Daşkənd münasibətlərinin hüquqi bazası, daimi mexanizmi, siyasi gündəliyi, iqtisadi layihələri və strateji istiqamətləri var.
Niyə məhz indi?
Azərbaycan və Özbəkistan arasında tarixən yaxın münasibətlər olub, amma tarix və dil yaxınlığı hər zaman siyasi müttəfiqlik yaratmır, bunun üçün konkret maraqların üst-üstə düşməsi lazımdır. Bu maraqların başında coğrafiya dayanır.
Azərbaycan Xəzərin qərbində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yerləşir. Birinin Avropaya çıxış imkanları, digərinin isə Mərkəzi Asiyanın böyük iqtisadi məkanı ilə əlaqəsi var. Aradakı əsas körpü Xəzər və Orta Dəhlizdir. Bu baxımdan Bak-Daşkənd xəttinin arxasında diplomatiya ilə yanaşı geoiqtisadi maraq da dayanır.
Orta Dəhliz, münasibətlərin görünməyən mühərriki
Azərbaycanın son illərdə nəqliyyat siyasətində əsas istiqamətlərdən biri Şərqlə Qərbi birləşdirən marşrutlarda rolunu artırmaqdır. Özbəkistan üçün isə xarici bazarlara çıxışın şaxələndirilməsi strateji məsələdir. Burada iki maraq bir-birinə toxunur. Özbəkistanın yükü Azərbaycanın tranzit imkanları, Avropanın bazarı var.
Ona görə Bakı-Daşkənd əlaqələrinə yalnız siyasi münasibət kimi baxmaq səhv olardı. Bu münasibətlərin arxasında nəqliyyat dəhlizi, logistika, limanlar, dəmir yolları, ticarət və yeni bazarlara çıxış dayanır.

Bakı üçün Daşkənd, Daşkənd üçün Bakı
Bakı üçün Daşkənd niyə vacibdir? Əlbəttə ki, burada ilk amil olaraq TDT qiymətləndirilir. Hər iki ölkənin böyük türk ailəsinin formalaşmasında ciddi istəyi və çabası var. Bububla yanaşı Özbəkistan Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli ölkələrindən biridir, böyük əhali, geniş daxili bazar, sənaye potensialı, kənd təsərrüfatı, enerji imkanları və regional siyasi çəki var. Daşkəndlə əlaqələrin güclənməsi Bakının yalnız Özbəkistanla münasibətlərini yaxşılaşdırmır, Azərbaycanın bütün Mərkəzi Asiyadakı mövqeyini gücləndirir.
Daşkənd üçün Bakı niyə vacibdir? Əlbəttə ki, burada da ilk amil olaraq TDT qiymətləndirilir. Hər iki ölkənin böyük türk ailəsinin formalaşmasında ciddi istəyi və çabası var. Bununla yanaşı Azərbaycan Özbəkistan üçün Xəzərə çıxışı, Avropaya gedən marşrutlardan biri, Türkiyə ilə əlaqə nöqtəsi, Şərq-Qərb nəqliyyat xəttinin mühüm halqasıdır. Deməli, Bakı Daşkənd üçün siyasi tərəfdaş olmaqla yanaşı strateji logistika tərəfdaşıdır.

Füzuli məktəbi, siyasətin insani tərəfi
Münasibətlərin bir də siyasi sənədlərə sığmayan tərəfi var. Özbəkistanın Füzulidə məktəb inşa etməsi, işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı Azərbaycan cəmiyyətində xüsusi emosional məna daşıyır. Çünki diplomatiyada bəzən bir məktəb binası onlarla rəsmi bəyanatdan daha güclü mesaj verir. Daşkənd Azərbaycanın ən həssas məsələsində Bakının yanında olduğunu konkret layihə ilə göstərdi.
Əliyev-Mirziyoyev faktoru
Bakı-Daşkənd xəttində liderlərin şəxsi münasibətlərini də nəzərdən qaçırmaq olmaz. Əslində bu münasibətlər münasibətlərin indiki səviyyəyə gəlməsində ən ciddi rol oynayıb. Prezident İlham Əliyev son beş ildə Özbəkistana 7 dəfə səfər etdiyini bildirib. Eyni dövrdə iki ölkə arasında dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfər həyata keçirilib. Bu rəqəmlər təsadüfi deyil, diplomatiyada yüksək səviyyəli səfərlərin intensivliyi siyasi gündəlikdə ölkənin çəkisini göstərən əsas indikatorlardan biridir.
Amma daha vacib məqam budur: Əliyev-Mirziyoyev münasibətləri şəxsi dostluq səviyyəsində qalmayıb. Bu münasibət Şura yaratdı, Müqavilə yaratdı, Yol Xəritəsi yaratdı, yeni layihələr yaratdı. Yəni şəxsi etimad instituta çevrildi, münasibətlərin davamlılığı baxımından əsas məsələ də budur, çünki institusionallaşmış əlaqə hər zaman yaşamaq şansına malikdir.

Bakı-Ankara-Daşkənd, yeni üçbucaq yaranır
Bütün dünyaya məlumdur ki, Azərbaycan və Türkiyə dünyada bənzəri olmayan müttəfiqdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb. Görünən odur ki, Azərbaycan Özbəkistan münasibətləri Azərbaycan Türkiyə münasibətlərinin anolojisi olacaq. Özbəkistan Azərbaycana Türkiyə olur
Bununla həm də üç paytaxt arasında müxtəlif səviyyələrdə bir-birini tamamlayan münasibətlər sistemi yaranır. Bunu hələlik hərbi-siyasi blok adlandırmaq doğru olmaz, amma nəqliyyat, ticarət, enerji, müdafiə sənayesi, investisiya, mədəniyyət və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi yeni regional konfiqurasiya yaradır. Burada Azərbaycan mühüm coğrafi mövqeyə malikdir. Bakı bir tərəfdən Türkiyəyə, digər tərəfdən Mərkəzi Asiyaya açılan qapıya çevrilir.
Rəqəmlər daha çox şey deyir
Azərbaycan və Özbəkistan arasında 170-dən çox sənəd imzalanıb. Ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə üç dəfədən çox artım deməkdir. 2026-cı ilin yanvar-may aylarında isə əlavə 33% artaraq 144 milyon dolları ötüb. Təhsil sahəsində 2025-2026 tədris ilində 176 azərbaycanlı Özbəkistanda, 67 özbək isə Azərbaycanda təhsil alıb. Turizm axını da davamlı artım göstərir, 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin ilk səkkiz ayında isə artıq 44 min özbəkistanlı Azərbaycanı ziyarət edib.
Siyasi münasibətlər iqtisadi münasibətlərdən daha sürətlə irəliləyib. Görünən odur ki, indi Bakı ilə Daşkəndin qarşısında əsas vəzifələrdən biri siyasi yaxınlığı biznes yaxınlığına çevirmək.
Bəli, müttəfiqlik müqaviləsi imzalanıb. Ali Dövlətlərarası Şura fəaliyyət göstərir. Yol Xəritəsi qəbul olunub. Siyasi dialoq yüksək səviyyədədir. Bundan sonra bu müttəfiqliyin adi azərbaycanlıya və özbəyə nə verəcəyidir... Müşahidələr göstərir ki, isti münasibətlərdən hər iki cəmiyyət çox məmnundur. Ardından daha çox ticarət, daha çox investisiya, daha çox birgə müəssisə, daha rahat nəqliyyat, daha çox turizm, birgə təhsil layihələri, yeni iş yerləri, yeni ixrac bazarları gəlir. Bununla da müttəfiqlik, qardaşlıq həyatın içərisinə daxil olacaq.

Bakı Bakı-Daşkənd xətti əslində nədir?
İki ölkənin münasibətlərində bir-birini tamamlayan çoxsaylı amillər var. Azərbaycanın coğrafi mövqeyi, Özbəkistanın iqtisadi və demoqrafik potensialı, Türkiyənin regional və qlobal imkanları, Orta Dəhlizin nəqliyyat potensialı, Türk Dövlətləri Təşkilatının isə institusional platforması və s. Bu amillər bir-biri ilə birləşdikcə münasibətlərin yalnız ikitərəfli çərçivədə qalmaması üçün zəmin yaranır.
Sualın ilk cavabı budur, yeni geosiyasi və geoiqtisadi xəttin formalaşmasıdır. Təbii ki, burada Prezidentlərin dostluğu, iki xalqın qardaşlığıön sıraya qoymaq lazımdır. Proseslərin gedişi onu deməyə əsas verir ki, üfüqdə dev layihələr görünür.
Elnur ƏMİROV