Ukraynanın Türkiyədə yerləşən ABŞ silahlarını əldə edə biləcəyi barədə məlumat ötən günlərdə ABŞ Konqresinin sənədlərində məlumat üzə çıxıb. Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Türkiyədən Ukraynaya Türkiyədəki ehtiyatlardan Amerika silahlarının tədarükü planları ilə bağlı izahat tələb edib. Zaxarovanın sözlərinə görə, Kiyevə yeni silah tədarükü hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək, lakin Rusiya ilə ABŞ və Türkiyə arasındakı münasibətlərə “ciddi zərər” vuracaq.
Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, dəqiqləşdirilməmiş iddialar əsasında qəti mühakimə yürütmək doğru deyil:
“Bu məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Buna görə də dəqiqləşdirilməmiş iddialar əsasında qəti mühakimə yürütmək doğru olmaz. Lakin ictimaiyyətə açıqlanan mövcud məlumatlar və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları çərçivəsində müəyyən qiymətləndirmələr aparmaq mümkündür”.
Deputat Zaxarovanın açıqlamasının tələsik reaksiya olduğunu deyib.
“Rusiya ABŞ Konqresinə çatdırılan məlumatlara əsaslanaraq, Türkiyənin əlində olan ABŞ istehsalı silahların Ukraynaya mümkün təkrar transferi ilə bağlı Ankara və Vaşinqtondan açıqlama gözlədiyini bildirib. Xəbərlərdə M270 sistemləri, ATACMS raketləri və müxtəlif sursatlardan bəhs olunur. Lakin xüsusilə vurğulamaq lazımdır ki, hazırda söhbət baş vermiş və Türkiyə tərəfindən rəsmi şəkildə təsdiqlənmiş silah tədarükündən deyil, mümkün transfer iddiasından gedir. Türkiyə Rusiya-Ukrayna müharibəsinin başlanmasından etibarən Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Rusiya ilə dialoqunu da davam etdirib. Ankara müharibənin başa çatdırılması üçün diplomatiya və danışıqlar kanallarının açıq saxlanılması istiqamətində mühüm rol oynayıb. Türkiyənin eyni vaxtda Moskva, Kiyev və Vaşinqtonla dialoq apara bilməsi ölkə üçün mühüm diplomatik üstünlükdür”.

O bildirib ki, mümkün silah transferinin Türkiyə baxımından bir neçə istiqamətdə nəticələri ola bilər:
“Türkiyə müharibə boyunca Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Moskva ilə birbaşa dialoqunu davam etdirə bilən mühüm NATO ölkələrindən biri olub. ATACMS kimi uzaqmənzilli sistemlərin birbaşa Türkiyənin arsenalından Ukraynaya ötürülməsi halında Moskva bunu Ankaranın indiyədək həyata keçirdiyi balans siyasətində ciddi dəyişiklik kimi qiymətləndirə bilər. Bu isə Türkiyənin vasitəçilik və diplomatik imkanlarını çətin vəziyyətə sala bilər. Türkiyə-Rusiya münasibətlərinin çoxşaxəli xarakter daşıyır. İki ölkə arasında enerji, təbii qaz, Akkuyu Atom Elektrik Stansiyası, ticarət və turizm başda olmaqla çoxşaxəli əlaqələr mövcuddur. Bununla yanaşı, Suriya, Qara dəniz və Cənubi Qafqaz kimi mühüm regionlarda həm əməkdaşlıq, həm də rəqabət müşahidə olunur. Buna görə də silah transferi səbəbindən yaranacaq ciddi etimad böhranının digər strateji məsələlərə də təsir göstərməsi riski var”.
Şamil Ayrım NATO və ABŞ amilinə də diqqət çəkib:
“Türkiyə NATO müttəfiqidir və Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi açıqdır. Vaşinqton baxımından belə bir transfer Türkiyənin NATO daxilindəki rolunun və Ukraynanın müdafiəsinə verdiyi töhfənin gücləndirilməsi kimi qiymətləndirilə bilər. Lakin Türkiyənin milli maraqları baxımından məsələ “ABŞ, yoxsa Rusiya?” seçimi deyil. Ankara NATO müttəfiqliyindən irəli gələn öhdəliklərini yerinə yetirməklə yanaşı, Rusiya ilə birbaşa qarşıdurmanın qarşısını almağa imkan verən diplomatik kanalları açıq saxlamaqda da strateji maraqlıdır”.
Deputat ATACMS məsələsinin xüsusilə həssas olduğunu bildirib:
“ATACMS adi sursat deyil. Bu sistemlər modelindən asılı olaraq təxminən 300 kilometrədək mənzilə çata bilən taktiki ballistik raketlərdir. Bu səbəbdən onların Ukraynaya verilməsi Türkiyənin müharibədə birbaşa tərəfə çevrilməsi anlamına gəlməsə də, Moskva tərəfindən Ukraynanın uzaqmənzilli zərbə imkanlarına ciddi töhfə kimi qiymətləndirilə bilər. Bu baxımdan ATACMS transferi adi sursat tədarükündən daha ciddi hərbi və siyasi əhəmiyyət daşıyır”.
Şamil Ayrım Türkiyə ərazisinin tranzit kimi istifadəsi ilə Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan ABŞ istehsalı silahların Ukraynaya verilməsinin fərqli məsələlər olduğunu diqqətə çatdırıb:
“Türkiyə ərazisinin yalnız tranzit marşrut kimi istifadə olunması ilə Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan ABŞ istehsalı silahların Ukraynaya verilməsi eyni şey deyil. İkinci ssenari hərbi, siyasi və diplomatik baxımdan daha ciddi nəticələr doğura biləcək səviyyədədir. Mariya Zaxarovanın açıqlamalarını da bu kontekstdə qiymətləndirmək lazımdır. Zaxarovanın bir tərəfdən “sülhpərvər ritorikadan” istifadə edilərkən, digər tərəfdən Ukraynaya silah göndərilməsinin etimadı sarsıdacağını bildirməsini də məhz bu çərçivədə oxumaq lazımdır. Onun “hələ gec deyil, vəziyyəti soyuqqanlı şəkildə qiymətləndirin” mesajı isə Moskvanın diplomatiya qapısını tamamilə bağlamadığını və Ankara ilə Vaşinqtondan açıqlama gözlədiyini göstərir”.
Deputatın sözlərinə görə, mümkün transfer Türkiyə-Rusiya münasibətlərindən əlavə, digər strateji istiqamətlərə də təsir göstərə bilər:
“Belə bir transferin baş verməsi halında Türkiyə-Rusiya münasibətlərində ciddi etimad problemi ortaya çıxa bilər, Türkiyənin vasitəçilik imkanları çətinləşə bilər. Bunun enerji, ticarət, Qara dəniz, Suriya və Cənubi Qafqaz kimi digər strateji məsələlərə də təsirləri ola bilər. Türkiyənin milli maraqları əsas götürən, balanslı, müstəqil və sülhü prioritet sayan xarici siyasət xəttini davam etdirməsinin vacibdir. Türkiyə üçün əsas məsələ Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyimiz dəstəyi davam etdirmək, ölkəmizin milli və strateji maraqlarını qorumaq, Qara dənizdə yeni gərginliyin qarşısını almaq və Moskva, Kiyev və Vaşinqtonla eyni vaxtda dialoq apara bilən güclü diplomatik aktor olmaq xüsusiyyətimizi qorumaqdır. Türkiyənin indiyədək olduğu kimi bundan sonra da milli maraqlarını əsas götürən, balanslı, müstəqil və sülhü prioritet sayan xarici siyasət xəttini davam etdirməsi ən doğru yanaşma olacaq”.
Təhlükəsizlik eksperti İmbat Muğlu isə bildirib ki, mümkün silah tədarükü Ankara-Moskva münasibətlərini çətinləşdirə və Türkiyənin vasitəçilik imkanlarını sınağa çəkə bilər:
“Rusiyanın ABŞ silahlarının Türkiyə ərazisi üzərindən Ukraynaya göndərilməsi ilə bağlı iddialara reaksiya verməsi Ankaranın həssas strateji balansla üz-üzə olduğunu göstərir. Türkiyə NATO üzvü kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Rusiya ilə enerji, ticarət, təhlükəsizlik və diplomatiya sahələrində mühüm əlaqələrə malikdir. Buna görə də mümkün silah tədarükü Ankara-Moskva münasibətlərini çətinləşdirə, Qara dənizdə təhlükəsizlik risklərini artıra və Türkiyənin vasitəçilik imkanlarını sınağa çəkə bilər”.

İmbat Muğlu Türkiyənin gücünün yalnız hərbi imkanları ilə ölçülmədiyini, ölkənin həm Rusiya, həm də Qərblə dialoq qurmaq imkanının mühüm üstünlük olduğunu qeyd edib:
“Lakin Türkiyənin gücü yalnız hərbi imkanlarından deyil, həm Rusiya, həm də Qərblə dialoq apara bilməsindən qaynaqlanır. Ankaranın əsas hədəfi NATO müttəfiqliyini qorumaqla yanaşı, Rusiya ilə kommunikasiya kanallarını açıq saxlamaq və Ukrayna müharibəsinin Qara dənizə daha geniş yayılmasının qarşısını almaq olmalıdır. Türkiyə müharibədə tərəf olmaqdan daha çox sülh prosesində aparıcı rol oynamağa çalışmalıdır. Türkiyə müharibənin tərəfi deyil, sülhün qurucu aktoru olmalıdır. Vaşinqton, Moskva və Kiyev Ankaranın tərəzisində ola bilər. Lakin tərəzinin mərkəzində Türkiyənin milli maraqları dayanmalıdır”.