Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Müqaviləsinin Yaxın Şərqdə təhlükəsizlik balansına mümkün təsirləri müzakirə olunur. Müqavilənin İranın Körfəz ölkələrinə, enerji infrastrukturlarına və ABŞ bazalarına qarşı mümkün hərbi təzyiqlərinə təsiri, eləcə də regional güc balansında yarada biləcəyi dəyişikliklər diqqət çəkir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Türkiyənin keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, Məkkə Birgə Müdafiə Müqaviləsi regional təhlükəsizlik memarlığında yeni balans elementi kimi çıxış edir:
“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Müqaviləsi regional təhlükəsizlik memarlığında yeni bir balans ünsürü kimi önə çıxır. Müqavilənin İranın Körfəz ölkələrinə, enerji infrastrukturlarına və ABŞ bazalarına qarşı sahədəki hərbi təzyiqi və hücumları üzərindəki mümkün təsirlərini bir neçə əsas istiqamətdə qiymətləndirmək olar.
İlk növbədə, bu razılaşmanın birbaşa hərbi toqquşmadan daha çox çəkindirmə mexanizmi kimi çıxış edəcəyi gözlənilir. Müqavilənin əsasını təşkil edən "üç ölkədən birinə edilən hücum, hamısına edilmiş sayılır" prinsipi kollektiv çəkindirmə çətiri yaradır. Bu isə İranın və ya onun dəstəklədiyi qüvvələrin Körfəzdəki neft yataqlarına və kritik infrastrukturlara birbaşa və ya dolayı hücum etmək qərarı verərkən daha ciddi strateji və diplomatik hesablamalar aparmasına səbəb ola bilər.
Eyni zamanda, İranın bu müqaviləyə münasibətdə daha ehtiyatlı diplomatik dil seçməsi diqqət çəkir. Tehran müqavilənin birbaşa İrana qarşı yönəlmədiyini vurğulayaraq gərginliyin daha da artmasının qarşısını almağa çalışır. İran Türkiyə və Pakistan kimi regional aktorlarla birbaşa qarşıdurmaya girməkdə maraqlı deyil. Buna görə də belə ittifaqların formalaşmasını dərhal müharibə səbəbi kimi deyil, diqqətlə izlənilməli strateji proses kimi qiymətləndirir.
Müqavilənin digər mühüm tərəfi təhlükəsizlik yükünün bölüşdürülməsidir. Körfəz ölkələrinin təhlükəsizlik məsələlərində yalnız ABŞ-ın təmin etdiyi çətirə bağlı qalması İranın asimmetrik təhdidləri qarşısında hər zaman kifayət qədər çeviklik yaratmırdı. Məkkə Müqaviləsi isə bölgədə ABŞ amilinə alternativ deyil, əlavə regional təhlükəsizlik qatı formalaşdırır. Bu çoxqatlı struktur İranın çəkindirilməsinə yönəlmiş yerli və regional imkanları gücləndirə bilər”.

Yücel Karauz qeyd edib ki, müqavilənin uzunmüddətli təsiri onun kağız üzərində qalmasından deyil, praktiki və institusional mexanizmlərə çevrilməsindən asılı olacaq:
“Bu müqavilə region ölkələrinin kənardan gələn təhlükəsizlik öhdəliklərindən tam asılılığını azaltmaq və daha çevik təhlükəsizlik şəbəkəsi yaratmaq baxımından əhəmiyyətlidir. Gələcəkdə Misir kimi digər regional aktorların da bu struktura qoşulması onun təsir dairəsini və çəkindirmə qabiliyyətini daha da artıra bilər.
Bununla yanaşı, hava hücumundan müdafiə sistemlərinin inteqrasiyası, birgə hərbi təlimlər, raketdən müdafiə imkanlarının artırılması və kəşfiyyat məlumatlarının paylaşılması kimi mexanizmlərin yaradılması müqavilənin real hərbi effektini müəyyən edəcək. Türkiyənin müdafiə sənayesindəki imkanları ilə Pakistanın hərbi təcrübəsinin Körfəz ölkələrinin təhlükəsizlik sistemi ilə inteqrasiyası regional qüvvələr balansına təsir göstərə biləcək potensiala malikdir”.
General əlavə edib ki, müqavilə yalnız hərbi deyil, diplomatik baxımdan da əhəmiyyətli mexanizmə çevrilə bilər:
“Böhran vəziyyətində Türkiyə və Pakistanın prosesə daxil olması gərginliyin nəzarətdən çıxmasının qarşısını alan diplomatik tampon rolunu oynaya bilər. Tehranla Körfəz paytaxtları arasında yaranan gərginliyin birbaşa isti müharibəyə çevrilməməsi üçün diplomatik kanalların açıq saxlanılması baxımından belə çoxtərəfli platformalar sığorta funksiyası daşıya bilər.
Nəticə etibarilə, Məkkə Birgə Müdafiə Müqaviləsi qısamüddətli perspektivdə İranın mümkün addımlarına qarşı avtomatik hücum mexanizmi deyil. Daha çox regional balansı qoruyan, təhlükəsizlik yükünü bölüşdürən və Tehranın mümkün səhv hesablamalarının qarşısını almağa yönəlmiş kollektiv çəkindirmə çətiri kimi qiymətləndirilə bilər. Müqavilənin əsl gücü isə tərəflərin üzərinə götürdükləri öhdəlikləri nə dərəcədə əməli və institusional addımlarla dəstəkləyəcəyindən asılı olacaq”.