Cənubi Qafqazda müharibə səhifəsinin bağlanması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və regionda yeni siyasi reallığın formalaşması fonunda Ermənistanın xarici siyasətində daha bir mühüm tendensiya diqqət çəkir: İrəvan təhlükəsizlik təminatçısı kimi Rusiyadan uzaqlaşdıqca, onun yerini doldura biləcək yeni tərəfdaşların axtarışını davam etdirir.
Bu proses əslində 44 günlük Vətən müharibəsindən sonra sürətləndi. 2020-ci ildə müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan əvvəlki hərbi-siyasi modelin - Rusiyanın təhlükəsizlik çətiri altında işğalçı siyasətini davam etdirməsinin artıq əvvəlki kimi işlək olmadığını gördü. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yekun həlli regiondakı köhnə status-kvonu faktiki olaraq aradan qaldırdı. Bundan sonra İrəvanın qarşısında iki seçim vardı: ya yeni regional reallıqla barışaraq Azərbaycanla sülh və qonşuluq münasibətlərinə keçmək, ya da təhlükəsizlik sistemində Rusiyanın yerini yeni aktorlarla doldurmaq.
Ermənistan ikinci yolu da aktiv şəkildə sınaqdan keçirdi. İlk mərhələdə bu rolda Fransa xüsusilə fəal görünürdü. Paris İrəvana siyasi dəstəyini artırdı, hərbi əməkdaşlıq genişləndi və Fransa istehsalı silahların Ermənistana satışı gündəmə gəldi. Lakin Azərbaycan diplomatiyasının fəallığı, regiondakı yeni geosiyasi reallıq və Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi Fransanın Cənubi Qafqazdakı manevr imkanlarını məhdudlaşdırdı.
Bu gün isə Ermənistanın təhlükəsizlik tərəfdaşları arasında ən sürətlə önə çıxan ölkələrdən biri Hindistandır. Hindistan-Ermənistan münasibətlərinin hərbi komponenti son illərdə sürətlə genişlənib. 2020-ci ildən sonra İrəvanın Hindistandan aldığı və sifariş etdiyi hərbi texnikanın ümumi dəyəri müxtəlif hesablamalarda 2 milyard dollara yaxın göstərilir. 2022-2024-cü illərdə Hindistan Ermənistanın silah idxalında əsas mənbəyə çevrilib və bəzi araşdırmalara görə, bu dövrdə Ermənistanın silah idxalının 43 faizi Hindistanın payına düşüb.

Bu, adi hərbi-texniki əməkdaşlıqdan artıqdır. İrəvan Hindistandan Akash-1S hava hücumundan müdafiə sistemləri, Pinaka çoxlüləli reaktiv yaylım atəş sistemləri, ATAGS 155 millimetrlik haubitsalar, Swathi əks-batareya radarları, MArG özüyeriyən artilleriya sistemləri, Trajan haubitsaları və pilotsuz uçuş aparatlarına qarşı sistemlər əldə edir.
Ən diqqətçəkən müqavilələrdən biri Akash sistemi ilə bağlıdır. Ermənistan 2022-ci ildə Hindistanın Akash hava hücumundan müdafiə sisteminin ilk xarici alıcısı olub. Razılaşmanın dəyəri təxminən 720 milyon dollar göstərilir. Sistem təyyarələr, pilotsuz aparat və digər hava təhdidlərinə qarşı istifadə üçün nəzərdə tutulub.
Digər mühüm silah sistemi Pinakadır. Ermənistan 2022-ci ildə dörd batareya Pinaka reaktiv yaylım atəş sistemi üçün müqavilə bağlayıb. Sistem yüksək intensivlikli artilleriya zərbələri üçün nəzərdə tutulub və Azərbaycan-Ermənistan sərhədinin xüsusiyyətləri baxımından İrəvan üçün xüsusi əhəmiyyət daşıyır. 2026-cı ilin əvvəlində Hindistan Ermənistan üçün idarəolunan Pinaka raketlərinin ilk partiyasını da göndərib.
ATAGS isə 155 millimetrlik müasir yedəkli artilleriya sistemidir. Ermənistan bu silahın ilk xarici istifadəçilərindən biri olub. Bundan əlavə, Hindistanın Swathi radarları rəqib artilleriyasının atəş mövqelərini müəyyənləşdirmək üçün istifadə edilir. 2026-cı ildə Ermənistan ərazisində ATAGS, Pinaka, Swathi, MArG və digər Hindistan istehsalı sistemlərin nümayiş etdirilməsi əməkdaşlığın artıq kağız üzərində deyil, real hərbi imkanlar səviyyəsində olduğunu göstərdi.
Bu əməkdaşlığın miqyası təsadüfi deyil. Hindistan özü də son illərdə dünyanın aparıcı silah ixracatçıları sırasında mövqeyini gücləndirməyə çalışır. 2025-2026 maliyyə ilində Hindistanın müdafiə ixracının 4,1 milyard dolları keçdiyi bildirilir və Ermənistan bu ixracın əsas istiqamətlərindən biridir.

Burada iqtisadi faktor da az əhəmiyyət daşımır. Hindistan Ermənistanla yalnız hərbi sahədə deyil, ticarət, logistika, gömrük və bağlantı məsələlərində də əməkdaşlığı genişləndirir. Hindistan hökuməti Ermənistanla gömrük əməkdaşlığı və qarşılıqlı yardım haqqında sazişin imzalanmasını təsdiqləyib. Məqsədlərdən biri ticarətin asanlaşdırılması və gömrük məlumatlarının mübadiləsidir.
Hindistan üçün Ermənistan həm də Cənubi Qafqazda geosiyasi dayaq və Avropa istiqamətində alternativ bağlantılar baxımından maraqlıdır. Hindistanın strateji dairələrində Ermənistanın Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığına qarşı balans elementi kimi nəzərdən keçirildiyi açıq şəkildə yazılır.
Bu baxımdan son günlər baş verənlər də diqqət çəkir. Hindistanın müdafiə naziri Rajeş Kumar Sinqxin avqustun 16-da İrəvana gəlib. Bu səfər iki ölkə arasında müdafiə əməkdaşlığının daha da dərinləşdirilməsi fonunda baş verir. Ermənistanın hərbi rəhbərliyinin Hindistanla təmasları da intensivləşib: aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan Hindistanda yüksək səviyyəli görüşlər keçirib, tərəflər təlim, modernləşmə və hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Sülh prosesinin fonunda silahlanma nə deməkdir? Əsas sual da məhz budur. Çünki 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətni paraflandı. Tərəflər həmçinin yekun imza və ratifikasiya üçün əlavə addımların atılmasının vacibliyini bəyan etdilər. 2026-cı ilin avqustunda isə Bakı, İrəvan və Vaşinqton sülh razılaşmalarının həyata keçirilməsinə sadiqliyi bir daha təsdiqləyib. Belə bir mərhələdə Ermənistanın genişmiqyaslı yeni silah alışlarının davam etməsi təbii olaraq suallar doğurur.

Əlbəttə, hər bir dövlətin özünümüdafiə qabiliyyətini artırmaq hüququ var. Lakin Cənubi Qafqaz kimi uzun illər münaqişə yaşamış bir regionda böyük həcmdə hücum və müdafiə xarakterli silahların alınması qarşı tərəfdə təhlükəsizlik narahatlığı yarada bilər. Xüsusilə də Hindistan kimi regiondan kənar, lakin Azərbaycanla Pakistan məsələsinə görə mürəkkəb geosiyasi qarşıdurmaları olan bir dövlətin Cənubi Qafqazın hərbi balansında daha böyük rol alması əlavə risklər yaradır.
Hindistanın Azərbaycanla münasibətlərində də son illərdə müəyyən ziddiyyətlər müşahidə olunub. Yeni Dehli Bakı ilə bağlı mövqeyində Pakistan amilinə xüsusən nəzərə alır. Yeni Dehlinin Pakistanla münasibətlərində daha sərt və hərbi komponenti güclü siyasətə keçidinin göstəricilərindən biri kimi qiymətləndirilib. Yeni Dehlinin Cənubi Qafqazdakı siyasətinə qiymət verərkən Hindistanın daxili siyasi modelindəki dəyişikliklər də nəzərdən qaçırılmamalıdır.
Baş nazir Narendra Modinin rəhbərlik etdiyi BJP hökuməti son illərdə hindu millətçiliyi ilə bağlı daha sərt siyasət yürütməkdə ittiham olunur. “Human Rights Watch” Hindistanda müsəlman azlıqlara qarşı ayrı-seçkilik, hüquqi prosedur olmadan evlərin və obyektlərin dağıdılması, dini azlıqlara qarşı zorakılıq və “buldozer ədaləti” adlandırılan praktikalardan narahatlığını bildirib. Təşkilat həmçinin hindu millətçi qrupların müsəlmanlara qarşı zorakılıq hallarını sənədləşdirib.
Bu məsələdə söhbət bütün hind cəmiyyətinin və ya bütün dövlət institutlarının eyni mövqedə olmasından getmir. Lakin dini və etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq hesabatlarda ciddi narahatlıqların yer alması Hindistanın xarici siyasətinin hansı siyasi mühitdə formalaşdığını anlamaq baxımından əhəmiyyətlidir. Sikx icması ilə bağlı məsələlər də Yeni Dehlinin daxili siyasətinin həssas istiqamətlərindəndir. Xüsusilə Xəlistan separatizmi ilə bağlı təhlükəsizlik siyasəti son illərdə ciddi mübahisələrə səbəb olub. Hindistan hökuməti bunu milli təhlükəsizlik və separatizmə qarşı mübarizə kimi təqdim edir, tənqidçilər isə bəzi hallarda dövlətin reaksiyasının həddindən artıq sərt olduğunu bildirirlər.
Yəni Hindistanın Pakistanla münasibətlərindəki hərbi-siyasi sərtlik, ölkə daxilində dini azlıqlarla bağlı beynəlxalq təşkilatların tənqidləri və hindu millətçiliyinin siyasi çəkisinin artması Yeni Dehlinin xarici siyasət davranışını qiymətləndirərkən nəzərə alınmalı amillərdir.
Ən mühüm məsələ isə bu təhlükəli siyasətin Cənubi Qafqazı yenidən qarışdırmaması ilə bağlıdır. Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində irəlilədiyi bir vaxtda regionun yenidən xarici güclərin rəqabət meydanına çevrilməsi heç kimin marağında deyil.
Ermənistanın Rusiyadan uzaqlaşması onun suveren seçimidir. Lakin bir təhlükəsizlik asılılığından çıxıb digər böyük dövlətlərin hərbi-siyasi orbitinə daxil olmaq region üçün yeni təhlükəsizlik dilemması yarada bilər.
Hindistanın Ermənistanla iqtisadi və hərbi əlaqələri artıq strateji xarakter almaqdadır. İrəvanın aldığı silahların miqyası da bunu təsdiqləyir. Buna görə Hindistanın Cənubi Qafqazda artan hərbi roluna yalnız ikitərəfli münasibətlər kimi baxmaq kifayət deyil. Bu proses Azərbaycan-Pakistan-Hindistan, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin daha geniş geosiyasi kontekstində qiymətləndirilməlidir.
Azərbaycan rəhbərliyinin üstünlüyü isə ondan ibarətdir ki, Bakı regiondakı prosesləri yalnız bir istiqamətdən izləmir. Son illərdə Azərbaycanın xarici siyasəti göstərib ki, ölkə həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində alternativlər formalaşdırmağa çalışır.
Ona görə də Cənubi Qafqazda hər hansı üçüncü ölkənin yeni hərbi balans yaratmaq cəhdi Bakının diqqətindən kənarda qala bilməz. Azərbaycan artıq 2020-ci ildən sonra regionun əvvəlki geosiyasi reallığa qayıtmayacağını dəfələrlə nümayiş etdirib. Bu baxımdan Yeni Dehlinin İrəvanla hərbi əməkdaşlığının genişlənməsi də Bakının izlədiyi proseslər sırasında olmalıdır.

Sülh sazişinin yekun imzalanması və ratifikasiyası ilə regionda yeni səhifə açmaq mümkündür. Ancaq bunun üçün Cənubi Qafqazın yeni silahlanma yarışına deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyə yönəlməsi lazımdır.
Əks halda bir tərəfdən sülhdən danışıb, digər tərəfdən regiona yeni və böyük həcmdə silah sistemləri gətirmək Cənubi Qafqazda sabitliyi möhkəmləndirmək əvəzinə yeni təhlükəsizlik dilemması yarada bilər.
Nəticə etibarilə, Hindistanın Ermənistanla münasibətlərinin dərinləşməsi artıq sadəcə Dehli-İrəvan əlaqəsi deyil. Bu, Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasına təsir edə biləcək prosesdir. Azərbaycan isə regionda baş verən bütün dəyişiklikləri nəzərə alaraq öz milli maraqlarını qorumaq üçün həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində alternativ ssenariləri hesablamalı və hesablayır.