Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkənin münasibətlərində növbəti tarixi mərhələnin başlanması hesab olunur. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” təkcə diplomatik sənəd deyil, son illərdə ardıcıl şəkildə dərinləşən Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi-hüquqi baxımdan yeni mərhələyə keçidini rəsmiləşdirən mühüm sənəddir.
Müqavilənin adında “əbədi dostluq” ifadəsinin yer alması özü-özlüyündə böyük siyasi məna daşıyır. Çünki söhbət yalnız cari dövrdə iki dövlət arasında əməkdaşlığın genişləndirilməsindən getmir. Sənəd Azərbaycan və Özbəkistan münasibətlərinin gələcək nəsillər üçün də qarşılıqlı etimad, strateji tərəfdaşlıq, müttəfiqlik və dostluq prinsipləri üzərində qurulmasını nəzərdə tutur.
Əslində, bu sənədin siyasi məzmununu anlamaq üçün Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi sürətli inkişaf yoluna nəzər salmaq kifayətdir. Azərbaycan Prezidenti İlham Əliyev də daha əvvəl bildirmişdi ki, iki ölkə arasında münasibətlər artıq ən yüksək – müttəfiqlik səviyyəsindədir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, Ali Dövlətlərarası Şuranın fəaliyyəti, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında sənədlər və Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu siyasi yaxınlaşmanın mərhələli şəkildə formalaşdığını göstərirdi.
İndi isə “əbədi dostluq” haqqında müqavilə həmin xəttin daha möhkəm siyasi çərçivəyə salınması deməkdir.
Müqavilənin əsas mesajı: iki dövlət bir-birinin təhlükəsizliyini nəzərə alır
Sənədin birinci maddəsi xüsusi diqqət çəkir. Tərəflər beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına rəhbər tutaraq münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik əsasında quracaqlarını bəyan edirlər. Bu ifadələr diplomatik protokol xarakterli ümumi sözlər deyil. Burada Azərbaycan və Özbəkistan münasibətlərinin hansı siyasi səviyyəyə çatdığı açıq şəkildə göstərilir.
Daha mühüm məqam isə müqavilənin ikinci maddəsində əksini tapır. Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək hər hansı fəaliyyətdən çəkinməyi, digər tərəfə qarşı yönəlmiş hər hansı hərəkətdə iştirak etməməyi öhdələrinə götürürlər. Eyni zamanda tərəflər öz ərazilərindən digər dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə yol verməyəcəklər.
Bu, Azərbaycan üçün xüsusilə əhəmiyyətli siyasi müddəadır. Çünki Bakı xarici siyasətində ərazi bütövlüyü və suverenlik məsələlərini fundamental prinsip kimi müdafiə edir. Özbəkistanın bu yanaşmanı müqavilə səviyyəsində bir daha təsdiqləməsi iki ölkə arasında siyasi etimadın nə qədər yüksək olduğunu göstərir.

Bakı–Daşkənd xətti artıq ikitərəfli münasibətlər çərçivəsinə sığmır
Müqavilənin üçüncü maddəsi parlamentlərarası əlaqələrin genişləndirilməsini, xalqlar arasında dostluğun möhkəmləndirilməsini və hüquqi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Xarici işlər nazirlikləri arasında daimi məsləhətləşmələr mexanizminin səmərəli istifadəsi ayrıca qeyd olunur.
Bu mexanizmlər təsadüfi deyil. Çünki Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız prezidentlər səviyyəsində qurulan əlaqələrdən ibarət deyil. İki ölkə arasında dövlət institutlarını, parlamentləri, biznes dairələrini, regionları və cəmiyyətləri əhatə edən çoxşaxəli münasibətlər sistemi formalaşıb.
Müqavilənin dördüncü maddəsi isə bu münasibətlərin iqtisadi və geostrateji tərəfini ortaya qoyur. Tərəflər ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirmək, sənaye kooperasiyasını dərinləşdirmək, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar kimi çoxsaylı sahələrdə birgə layihələr həyata keçirmək niyyətlərini təsdiqləyirlər.
Burada xüsusilə nəqliyyat və tranzit məsələsi diqqət çəkir. Tərəflər yük və sərnişin daşımalarının inkişafına, nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və qarşılıqlı əlaqəli nəqliyyat sistemlərinin möhkəmləndirilməsinə şərait yaratmağı öhdələrinə götürürlər. Bu müddəa Azərbaycanın geosiyasi mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan son illərdə Şərq–Qərb nəqliyyat bağlantılarının əsas halqalarından birinə çevrilmək istiqamətində ciddi addımlar atır. Özbəkistanla daha sıx inteqrasiya isə Mərkəzi Asiyanın dərinliklərindən Xəzər üzərindən Cənubi Qafqaza və Avropaya uzanan bağlantıların gücləndirilməsi deməkdir. Başqa sözlə, Bakı–Daşkənd münasibətləri artıq iki ölkənin sərhədlərindən kənara çıxan geoiqtisadi əhəmiyyət qazanır.
İlham Əliyevin Mərkəzi Asiya siyasətinin nəticəsi
Azərbaycanın Mərkəzi Asiyaya marağı yeni məsələ deyil. Lakin son illərdə Prezident İlham Əliyevin xarici siyasət kursunda bu regionla əlaqələrin daha sistemli və strateji xarakter aldığı aydın görünür. Azərbaycanın Özbəkistanla münasibətləri də bu siyasətin ən uğurlu nümunələrindən biridir.
Burada Prezident İlham Əliyevin şəxsi diplomatik münasibətlərinin və siyasi etimad yaratmaq bacarığının xüsusi rolunu qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində də Şavkat Mirziyoyevlə yaranmış şəxsi dostluq və etimad münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanmışdı.
Bu, əslində, Azərbaycan xarici siyasətinin mühüm xüsusiyyətlərindən birini göstərir: Prezident İlham Əliyev yalnız mövcud münasibətləri qorumaqla kifayətlənmir, onları daha geniş geosiyasi və geoiqtisadi çərçivəyə daşımağı bacarır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafında da məhz bu yanaşmanın nəticələrini görmək mümkündür. Bakı artıq regiona kənardan baxan tərəf deyil. Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm geosiyasi və logistika platformasına çevrilir.
Bu mənada Özbəkistanla “əbədi dostluq” müqaviləsinin imzalanması Azərbaycanın Mərkəzi Asiyada siyasi və iqtisadi təsir imkanlarının daha da genişlənməsi baxımından mühüm hadisədir.
Qarabağ amili: dostluğun real nümunəsi
Azərbaycan–Özbəkistan münasibətlərinin gücünü yalnız sənədlərdə axtarmaq da düzgün olmazdı. Bu münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri çətin günlərdə göstərilən qarşılıqlı dəstəkdir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Qarabağın bərpası prosesində praktiki iştirak edən ilk ölkələrdən biri olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bunun ən parlaq nümunələrindəndir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Özbəkistanın bu addımını yüksək qiymətləndirib.
Bu dəstək münasibətlərin sadəcə siyasi bəyanatlardan ibarət olmadığını göstərdi. Xankəndidə Özbəkistan sərmayəsi hesabına yaradılan sənaye müəssisəsi də iki ölkə arasında qardaşlığın praktiki müstəviyə keçməsinin daha bir nümunəsidir.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri həm siyasi, həm iqtisadi, həm humanitar, həm də strateji təhlükəsizlik baxımından çoxşaxəli xarakter alıb.
Türk dünyası üçün də mühüm hadisə
Müqavilənin başqa bir mühüm tərəfi Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığına verə biləcəyi əlavə impulsdur. İki ölkənin siyasi yaxınlaşması türk dövlətləri arasında inteqrasiyanın güclənməsi baxımından da əhəmiyyətlidir.
Azərbaycanın son illərdə Türk dünyasında fəal diplomatik siyasət yürütməsi və Mərkəzi Asiya dövlətləri ilə əlaqələri sistemli şəkildə genişləndirməsi Prezident İlham Əliyevin xarici siyasət kursunun mühüm istiqamətlərindən birinə çevrilib.
Bu siyasətin nəticəsində Bakı ilə Mərkəzi Asiya arasında siyasi məsafə faktiki olaraq azalır. Xəzər isə iki regionu ayıran su hövzəsindən daha çox, onları birləşdirən strateji platformaya çevrilir. Bu baxımdan “Azərbaycan–Özbəkistan əbədi dostluğu” yalnız Bakı və Daşkənd üçün deyil, bütövlükdə daha geniş türk coğrafiyası üçün siyasi mesajdır.

Yeni mərhələnin başlanğıcı
Müqavilənin beşinci maddəsində təhsil, elm, mədəniyyət, media, turizm, səhiyyə və digər humanitar istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Altıncı maddə siyasi məsləhətləşmələrin aparılmasına, qlobal və regional məsələlər üzrə fikir mübadiləsinə xüsusi əhəmiyyət verir. Yeddinci maddədə isə münaqişələrin qarşısının alınması və nizama salınması, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərində BMT-nin mərkəzi roluna sadiqlik təsdiqlənir.
Deməli, müqavilə yalnız “dostluq” ifadəsinin siyasi sənəddə rəsmiləşdirilməsi deyil. O, iki ölkənin gələcək münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, humanitar və beynəlxalq təşkilatlar səviyyəsində əsas istiqamətlərini müəyyən edən kompleks sənəddir.
Azərbaycan üçün isə bu sənədin ən mühüm nəticələrindən biri ölkənin Mərkəzi Asiya siyasətində yeni imkanların yaranmasıdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu və praqmatik xarici siyasət nəticəsində Azərbaycan özünü yalnız Cənubi Qafqazın deyil, Xəzər hövzəsini, Türk dünyasını və Mərkəzi Asiyanı bir-birinə bağlayan əsas dövlətlərdən biri kimi möhkəmləndirir.
Özbəkistanla münasibətlərin “əbədi dostluq” mərhələsinə keçməsi bu strategiyanın növbəti mühüm nəticəsidir.
Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlərə sadəcə iki qardaş dövlətin əlaqələri kimi baxmaq kifayət etmir. Qarşıdakı mərhələdə Bakı–Daşkənd xətti nəqliyyat, enerji, investisiya, ticarət, rəqəmsal texnologiyalar və Türk dünyasının inteqrasiyası baxımından daha geniş regional layihələrin əsas dayaqlarından birinə çevrilə bilər.
Ən əsası isə budur: Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın coğrafi mövqeyini siyasi və iqtisadi üstünlüyə çevirmək istiqamətində davam edir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi, Özbəkistan kimi böyük və strateji əhəmiyyətli dövlətlə münasibətlərin müttəfiqlikdən əbədi dostluq səviyyəsinə yüksəlməsi bunun əyani göstəricisidir.
Bu səbəbdən 23 avqust 2026-cı il təkcə diplomatik təqvimdə növbəti tarix kimi deyil, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək onilliklərini müəyyənləşdirəcək siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Və bu mərhələnin arxasında illərdir ardıcıl, praqmatik və uzaqgörən şəkildə həyata keçirilən dövlət siyasəti dayanır. İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq regional prosesləri yalnız izləyən deyil, həmin proseslərin istiqamətinə təsir göstərən və müxtəlif coğrafiyaları bir-birinə bağlayan fəal geosiyasi aktora çevrilməkdədir.