Son həftələrin diplomatik gündəmi bir sualı yenidən aktuallaşdırıb. Rusiya niyə uğursuzluqlarını daim xaricdə axtarır? Ukraynadakı hərbi vəziyyət ağırlaşdıqca, Moskvanın rəsmi ritorikası genişlənir, əvvəllər neytral vasitəçi kimi qəbul etdiyi Türkiyəyə, tarixən müttəfiq saydığı Azərbaycana və regionun digər aktorlarına qarşı ittiham dili sərtləşir. Bütün bunlar çürüyən sistemli bir modelin təzahürüdür.
Bir müddət öncəyə qədər Rusiya Türkiyəni "mühüm regional aktor və dəniz qonşusu" kimi təqdim edir, Ankaranın Qara dənizdə sabitlik təşəbbüslərinə hazır olduqlarını bildirirdi. Lakin may ayında tonlar kəskin dəyişdi. Zaxarova Türkiyəni və Bolqarıstanı NATO çərçivəsində Ukraynaya dəstək göstərməklə Qara dənizə "ekoloji zərbə" vurmaqda ittiham etdi. Bu yanaşma Moskvanın tarixən neytral vasitəçi saydığı Ankaraya qarşı ilk açıq ittihamı idi. Halbuki Rusiya Türkiyənin NATO üzvü olduğunu bilməmiş deyil. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanının Məkkə razılaşmasından sonra Rusiya daha da aqressivləşib.

Avqust ayında bu xətt daha kəskin xətt üzrə davam etdi. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qara dənizdə hərbi əməliyyatlara moratorium təklifini irəli sürdüyü açıqlanandan sonra, Zaxarova bunu təkzib edərək rəsmi müraciətin olmadığını bildirdi. Bir neçə gün sonra isə ABŞ və Türkiyənin Ukraynaya iri həcmli silah tədarükü planları gündəmə gələndə, Zaxarova bunun "Rusiyanın ABŞ və Türkiyə ilə münasibətlərinə ciddi zərər vuracağını" açıqlayıb.
Diqqətəlayiq məqam budur ki, hər dəfə münasibətlərdə gərginlik yarananda, izah Moskvanın öz addımlarında deyil, tərəf-müqabilin "düşmənçiliyində" axtarılır.

İş ondadır ki, Rusiyanın belə aqressivliyi yalnız Türkiyəyə aid deyil. Avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə üç rusiyalı jurnalist və "ekspert"i beynəlxalq axtarışa verəndə, Zaxarovanın reaksiyası maraqlı oldu. O, bu şəxslərin fikirlərinin "Moskvanın dövlət xətti ilə heç bir əlaqəsi olmadığını" bildirərək, münasibətlərin 2022-ci il fevral tarixli Müttəfiqlik Bəyannaməsi əsasında davam etməli olduğunu vurğuladı. Problemi fərdlərin üzərinə atdı. Amma uşaq da bilir ki, Rusiyanın bu açıqlaması Cırtdan nağılıdır, həmin şəxslər rəsmi Moskvanın iradəsindən kənar belə addım ata bilməzdilər.
Odur ki, bunu təsadüfi ritorik seçim kimi qiymətləndirmək mümkün deyil. Ekaterinburqda iki azərbaycanlının öldürülməsindən sonra gərginləşən münasibətlərdə də oxşar nümunə müşahidə olunub. Problem hər dəfə konkret hadisələrdən kənarda, "üçüncü tərəflərin təxribatı" kimi çərçivələnib.

Rusiya - Türkiyə münasibətlərinin tarixi araşdırmaları göstərir ki, bu əlaqələr əsrlərdir dövri xarakter daşıyıb. XVI əsrin sonundan XX əsrin əvvəlinə qədər Osmanlı və Rus imperiyaları arasında münasibətlər adətən düşmənçilik və qarşıdurma ilə səciyyələnib, zamanla yaxınlaşma dövrləri ilə növbələşib. Tarixi arxa fon, bugünkü gərginliyin "yeni" deyil, dərin struktur köklərə malik olduğunu göstərir.
Sovet dönəmindən qalan "yaxın xarici" doktrinası, yəni keçmiş SSRİ məkanının Moskva üçün təbii nüfuz dairəsi sayılması bu gün də Rusiyanın xarici siyasət təfəkküründə qalır. Qərbli analitiklər (məsələn, Zbigniew Brzezinski öz əsərlərində) uzun müddət qeyd edib ki, Rusiya öz təhlükəsizliyini yalnız ətrafındakı ölkələr üzərində nəzarətlə təmin edilə bilən bir amil kimi görür. Belə bir baxış müstəqil qonşu dövlətlərin öz xarici siyasət seçimlərini "təhdid" kimi qəbul etməyə gətirib çıxarır.

Analitik baxımdan bunun bir neçə funksional izahı var. Rusiya üçün daxili siyasi mobilizasiya: xarici "düşmən" obrazı, daxili çətinliklərdən diqqəti yayındırmaq üçün ənənəvi vasitədir. Danışıq mövqeyini gücləndirmək, ittiham dili, gələcək danışıqlarda güzəşt tələb etmək üçün təzyiq vasitəsi kimi işlədilir. Buna paralel olaraq məsuliyyəti yayındırmaq, hərbi meydanda uğursuzluqların səbəbini "kənar müdaxilədə" göstərmək, öz strategiyasının sual altına düşməsinin qarşısını alır.
Rusiya tərəfinin öz nöqteyi-nəzərinin olması təbiidir, ancaq burada qonşuları hədəf götürmək Rusiyanın 1000 illik siyasətidir. İndi də Rusiya rəsmiləri NATO-nun 1990-cı illərdən bəri şərqə doğru genişlənməsini özlərinin təhlükəsizlik narahatlığının əsas mənbəyi kimi təqdim edirlər və bunu illərdir ictimai müzakirədə saxlayırlar. Türkiyənin NATO üzvü kimi Ukraynaya silah tədarükünü, Moskva öz mövqeyindən "münaqişəyə birbaşa qoşulma" kimi qiymətləndirir.
Analitiklər Rusiyanın bu ittihamlarını "ikili standart" kimi tənqid edir.
Faktlar göstərir ki, Moskvanın son aylardakı ritorikası Türkiyə, Azərbaycan və digər qonşu dövlətlərə qarşı ardıcıl bir naxışı təkrarlayır. Gərginlik yarananda məsuliyyət xaricdə axtarılır, daxili və ya strateji səbəblər arxa plana keçir. Bu, həm tarixi "yaxın xarici" təfəkkürünün davamı, həm də cari hərbi-siyasi konyunkturanın məhsuludur.
Elnur ƏMİROV