Rusiyanın bəzi media qurumlarında və ictimai platformalarında Azərbaycana, ölkənin dövlət siyasətinə və rəhbərliyinə qarşı son dövrlərdə səsləndirilən təhqiramiz və təhdid xarakterli fikirlər iki ölkə arasında münasibətlərə dair müzakirələri yenidən gündəmə gətirib. Azərbaycan Xarici İşlər Nazirliyi bu cür açıqlamaların yolverilməz olduğunu bildirib və Rusiyanın informasiya məkanında anti-Azərbaycan ritorikasının artmasına etiraz edib
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və regiondakı mövqeyi Rusiyanın müəyyən dairələrini narahat edir:
“Azərbaycan hazırda müstəqil siyasət həyata keçirir və regionun lideridir. Beynəlxalq əlaqələrimiz kifayət qədər güclüdür. Bu, Rusiyaya sərf etmir. Ona görə də Rusiya hakimiyyəti müxtəlif yollarla Azərbaycana təzyiq etmək istəyir. Belə təsir siyasətinin bir hissəsi də öz media qurumlarının çirkli siyasətindən ibarətdir. Bəzi media platformalarında Azərbaycana qarşı səsləndirilən fikirləri qəbuledilməzdir. Solovyov, Zatulin və digərlərindən başqa, indi də “Çisto Panyimaniya” verilişində boş adamlar oturub cəfəngiyyat danışırlar. Bununla bağlı Azərbaycan cəmiyyətinin də öz təpkisi olmalıdır. Mən parlamentari, həm də partiya sədri olaraq Rusiyanın Azərbaycana qarşı apardığı çirkin siyasətə etiraz edib, səsimi yüksəltmişəm. Hesab edirəm ki, hamının bu mövzuda mövqeyi olmalıdır”.

Elşad Musayevin sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı apardığı informasiya siyasəti iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər:
“Rusiyanın Azərbaycanda təsir agentləri və casus şəbəkələri var. Amma biz də artıq Rusiyaya cavab vermək iqtidarındayıq. Hesab edirəm ki, Rusiyanın apardığı bu siyasət iki ölkə arasındakı münasibətlərin pisləşməsinə aparır. Əslində, Rusiya hakimiyyətinin isterika dolu imperiya ambisiyalarına söykənən siyasətinin özlərinə heç bir faydası yoxdur. Nəhayət, Rusiya XXI əsrdə olduğumuzu anlamalı və qonşularla dinc yanaşı yaşamağa çalışmalıdır. Rus xalqı imperiya ambisiyaları ilə aldadılmamalıdır. Rusiyanın Azərbaycana qarşı apardığı çirkin siyasəti qınayıram”.
Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi qruounun digər bir üzvü Rasim Musabəyov Rusiyada Azərbaycana qarşı informasiya müharibəsi davam etməsinin təssüf doğurduğunu deyib:
“Təəssüf olsun ki, Rusiyada Azərbaycana qarşı informasiya müharibəsi davam edir. Həmin insanların xətti keçməsi artıq təbliğat deyil, konkret çağırışlardır. Bu, Azərbaycan-Rusiya arasında müttəfiqlik haqqında Bəyannaməyə ziddir. Bəyannamənin 11-ci bəndində konkret olaraq göstərilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünə, sərhədlərinə və daxili quruluşuna qarşı hər hansı fəaliyyəti pisləyir və ona icazə vermirlər”.

Deputat qeyd edib ki, Rusiyada həm Dövlət Dumasının bəzi üzvləri, həm də dövlətə bağlı televiziya kanallarında səsləndirilən müəyyən çağırışlar artıq hüquqi məsuliyyət doğura biləcək xarakter daşıyır:
“Rusiyanın Dövlət Dumasının üzvləri, həmçinin dövlət kanallarında elə çağırışlar səslənir ki, konkret olaraq cinayət xarakteri daşıyır. Ona görə də Prokurorluq iş qaldırıb. Azərbaycan öz ərazisində belə təbliğat imkanlarını haqlı olaraq qapadır və etirazlarımızı da bildiririk. İndi başa düşsələr, çox yaxşı olar. Əksinə, başa düşməyib bu şəkildə münasibətləri qurmaq istəyirlərsə, nəticəsi də belə olacaq”.
Rasim Musabəyov Azərbaycanın ölkəyə qarşı yönələn mənfi addımları cavabsız qoymayacağını vurğulayıb:
“Azərbaycan heç kəsin bizə qarşı yönələn mənfi münasibətini cavabsız qoymayıb. İndi bunu Moskvada kimlərsə anlamırlarsa, cavabları görəndə anlayacaqlar. Təyyarəmizi də Rusiya vurmuşdu, çirkin təbliğat kampaniyasına da onlar başlayıblar. Azərbaycan diasporuna orada divan tutulur. Düşünürlər ki, bunun nəticəsində Azərbaycanı özlərinə tabe edəcəklər. Sadəcə olaraq, özlərini gülünc vəziyyətə salırlar. Azərbaycan müxtəlif təzyiqlərə qarşı dayanmaq və öz milli maraqlarını qorumaq iqtidarındadır. Azərbaycan bundan da artıq təzyiqlərə sinə gərib. Dövlətimiz hər zaman öz hüquqlarını və mənəviyyatını qorumaq iqtidarında olub və olacaq. Ona görə də nə edirlərsə, etsinlər, ikiqat cavab alacaqlar”.