Modern.az

Hamımızın haqqı...

Hamımızın haqqı...

3 Sentyabr 2009, 20:00

Zəngin olmaq böyük bir həvəsdir. Gərək ki, alman filosofu Artur Şopenhauerin sözləridir: «Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən, susuzluğun bir o qədər artır». İnsanlar tarixin bütün dövrlərində azad yaşamaq, hər şeylə təmin olunmaq istəyiblər. Nəfs həmişə çox zənginlik, mal-mülk və sərvətə sahib olmağa can atır. Bunu nəfs istəsə belə, zəngin olmaq hamının haqqıdır. Ancaq bir şərtlə, ona halal yolla nail olmaq lazımdır, bu yolla irəliləmək isə çətindir. Bunun üçün aqillər demiş, ağıl həmişə nəfsdən üstdə durmalıdır.

                                                             ***                        

Bəzən nəfs zənginliyə çatmaq üçün oğurluq, saxtakarlıq etməyə, insanların mallarını haqsızlıqla yeməyə və bunlara bənzər başqa yollara sövq edir. Ataların müdrik kəlamı nahaq yerə yaranmayıb: kim ki zəngin olmaq üçün tələsir, o, günahsız olmayacaq. İnsanlar müxtəlif yollar və vasitələrlə çox pul qazana bilərlər, amma çox pul qazanmaq hələ zəngin olmaq demək deyil. Qurani-Kərimin bir ayəsində buyurulub: «Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər Tanrının yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha münasibdir».

                                                              ***

Halal yolla zənginliyə çatmaq uğrunda aparılan mücadilədən bəhs edərkən Türkiyənin bütün dünyada tanınan ən məşhur iş adamı, mərhum Sakib Sabançını xatırlamamaq olmur. Türk millətinə, onun adət-ənənələrinə bağlılığı, cəsarəti, kapitalist təfəkküründən uzaqlığı, böyük sərvət sahibi olmasıyla bahəm mənəvi dünyasının zənginliyi, yoxsul, kimsəsiz uşaqlara hər zaman baba sevgisiylə yanaşıb qayğısını əsirgəməməsi, sosial-ictimai sahələrdə gördüyü faydalı işlər, geniş xeyriyyəçilik fəaliyyəti Sakib ağa çağırılan bu unudulmaz şəxsiyyətin ümumxalq məhəbbəti qazanmasına səbəb olmuşdu. Çoxuşaqlı ailədə dünyaya göz açan, atasını erkən itirən, xəstəliyi üzündən heç litseydə də təhsilini tamamlaya bilməyən, 15 yaşında aylıq cəmi 25 lirə maaşla işləməyə məcbur olan S.Sabançının yəqin ki, ağlına da gəlməzdi ki, bir vaxt ölkəsinin ən varlı adamına çevriləcək. Fitri istedadı və qabiliyyəti, halal yolla və alın təri ilə pul qazanmaq bacarığı, ağlını daim nəfsindən uca tutması, hər zaman təmiz bizneçə önəm verməsi, kirli, şübhəli işlərdən uzaq durması Sakib Sabançıya zəngin olmaq şansı yaratdı. O, hərtərəfli zəngin idi, həm maddi yandan, həm də mənən. «Birisi mənə sadəcə, «zəngin» deyərsə, hirslənərəm. Mən sosial fəaliyyətimlə və sosial zənginliyimlə xoşbəxtəm. Gözüm-könlüm xeyriyyəçilik işlərindən doymadığı üçün öz-özümə «qaç, daha çox qaç, qatar son stansiyaya çatmadan daha çox iş gör» deyirəm...». Bu sözlər Sakib Sabançı haqqında təsəvvür yaratmaq üçün yetərlidir. Saleh əməli və Allahın razı olduğu bütün davranışları sayəsində o, təkcə xalqının sevimlisi deyildi, prezidentlər, baş nazirlər, krallar, şahzadələr, digər yüksək mənsəb yiyələri, dünya kapitalına yön verən biznesmenlər arasında xüsusi ehtiram sahibiydi...

                                                              ***

Zənginlik, uğur və sevgi bir-birini tamamlayan, vəhdət təşkil edən ayrılmaz məfhumlardır. Doğruya, dürüstlüyə, halallığa, zəhmətə, mənəvi dəyərlərə, vətənə, torpağa, ailəyə, anaya olan sevgi uğur və zənginliyə çatmağı da asanlaşdırır.

Var-dövlətə, sərvətə malik olmaq yaxşıdır, amma insan gərək, öz içində bu zənginlikdən zövq ala bilmək duyğuları da hiss etsin, yaşasın. İnsanlar var ki, könül dünyası bizim anladığımızdan, bildiyimizdən çox-çox zəngindir. Zahirən yoxsul görünür, amma könlündə elə xəzinələr var ki, onu tanıyıb biləndə yaxşı mənada həsəd aparırsan. Zəngin kimi tanıdığımız elələri də var ki, içi zülmətdir. Əslində, kasıblıq və ya zənginlik həm də könül dünyasının ahəngi ilə tənzimlənir desək, yanılmarıq.

Zənginlik təkcə var-dövlətlə ölçülmür, pisliklərdən uzaq durmaq, qənaətcillik, mərhəmət sahibi olmaq, ləyaqətlilik, əhatəli bilik, iti müşahidə və yüksək təşkilatçılıq qabiliyyəti, sadəlik və prinsipiallıq da onun əsas şərtləridir. Böyük kainatın kiçik modeli, Tanrının isə ən kamil əsəri olan insan özü üçün həmişə təkcə maddi yox, mənəvi zənginlik tapmağı   da bacarmalıdır. Zəngin olmaq hamımızın haqqıdır…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir