Təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyada güc amili beynəlxalq hüququn və diplomatiyanın fövqündə dayanır. Böyük aktorlar bir vaxtlar bu gerçəkliyi hansısa formada pərdələməyə çalışırdılarsa, artıq buna heç ehtiyac da duymurlar. Mesaj ondan ibarətdir ki, geosiyasi və geoiqtisadi maraqlar onlar üçün hüquqdan da, ədalətdən də öndədir. Elə bu səbəbdən, BMT başda olmaqla beynəlxalq təşkilatların bir çoxu bu reallıq qarşısında zəiflik nümayiş etdirir və əksər hallarda ikili standartlar siyasəti ilə barışmaq məcburiyyətində qalır.
Ərazimizin 20 faizinin işğala məruz qalmasının və BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı məlum dörd qətnaməsinin 27 il ərzində icra olunmamasının əsas səbəblərindən biri elə bu gerçəkliklə bağlı idi. Həmin qətnamələr imperativ xarakter daşısa da, keçmiş vasitəçilər üçlüyü müxtəlif bəhanələr altında bunu görməzdən gəlir və işğalçını öz adı ilə çağırmaqdan yayınırdı. Siyasi riyakarlıq elə həddə çatmışdı ki, sanksiyalar işğalçı Ermənistana qarşı tətbiq edilməli olduğu halda, işğala məruz qalan Azərbaycan hədəf seçilir, utanmadan aramızda bərabərlik işarəsi qoyulurdu. Məqsəd erməni işğalının ömrünü uzatmaq, zamanla Qarabağı xalqımıza unutdurmaq və əzəli torpaqlarımızı növbəti dəfə Ermənistana peşkəş etmək idi.
Aparıcı təşkilatlar və keçmiş vasitəçilər üçlüyü beynəlxalq hüququn aliliyini təmin etmək əvəzinə, dünya gündəliyinə uydurma fobiyalara söykənən mövzuları çıxarır və beynəlxalq birliyin diqqətini yalnız belə məsələlərə yönəldirdilər. İslamofobiya, türkofobiya və “islam terrorizmi” həmin təbliğatın mərkəzində dayanırdı. Təəssüf ki, bu gün də belədir. 1999-cu ildən Avropa İttifaqının üzvlüyünə namizəd olan qardaş Türkiyə indiyədək həmin təşkilata qəbul olunmur. Son altı ildə Avropa Parlamenti və AŞPA Azərbaycana qarşı 14 qərəzli qətnamə qəbul edib. Onların müzakirəsi zamanı bir çox avropalı deputatın irəli sürdüyü əsas arqument etnik və dini təəssübkeşliklə bağlı olub. Faktiki olaraq, ayrı-seçkiliyi və bölücülüyü təşviq edən bu cür cahil çıxışların ən təhlükəli tərəfi ondadır ki, Avropada işğala və separatçılığa birmənalı şəkildə “yox” deyənlər, buna görə sanksiya siyasətini işə salanlar Azərbaycana gəldikdə, müharibə cinayətlərinə, insanlıq əleyhinə ağır əməllərə və separatçılığa görə Bakıda mühakimə olunmuş erməniəsilli şəxsləri gah “girov”, gah “əsir”, gah da “siyasi məhbus” elan edirlər.
Bu, beynəlxalq hüququ məqsədli şəkildə arxa plana keçirməyə xidmət edən ikili standartlar siyasətinin açıq təzahürüdür. Prezident İlham Əliyev məhz bu reallıqları nəzərə alaraq, 2020-ci il sentyabrın 24-də, Vətən müharibəsindən üç gün əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı zamanı xəbərdarlıq xarakterli bu çağırışı etmişdi: “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.
Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzv və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər, verdiyi mesajlar, əslində, indiki mürəkkəb geosiyasi mənzərənin səbəb və mahiyyətini tam dolğunluğu ilə ortaya qoyur: “Mən bir də qayıdıram ön sözümə ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.
Müasir dünyada həqiqətləri açıq və ictimai şəkildə dilə gətirən çox az lider nümunəsi var. Yalnız öz xalqına və dövlətinə, milli-mənəvi dəyərlərə sidq-ürəkdən bağlı olan böyük Lider üzləşə biləcəyi təhdid və təzyiqlərə, çirkin qarayaxma kampaniyasına baxmadan, mövcud problemləri dilə gətirə, onların səbəb və səbəbkarlarını açıq mətnlə ifşa edə bilir. Elə bu səbəbdən, şübhə etmirəm ki, Prezident İlham Əliyevin verdiyi bu mesaj bəzilərini ciddi şəkildə narahat edib qıcıqlandırsa da, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, böyük söz sahiblərini və ağıllı beyin mərkəzlərini daha məsuliyyətli davranmaq üzərində düşündürəcək: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!”
Əminəm ki, bu mesaj ölkəmizdəki diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda isterik münasibət göstərənləri, xüsusilə oradakı revanş müxalifətini yenidən bir-birinə vuracaq. Tarixi saxtalaşdırmağa və saxtakarlıq üzərində özlərinə tarix uydurmağa vərdiş etmiş bu toplumu Azərbaycan Prezidentinin Qafqaz Albaniyasına və Atabəylər dövlətinə istinadları yenidən narahat edəcək. Çünki onlar bu gün də anlamırlar ki, ölkəmizin suveren ərazisində yerləşən tarixi, mədəni və dini abidələr, o cümlədən qədim Alban məbədləri Azərbaycanın tarixi irsi və mədəni sərvətidir. Onların hər biri dövlətimizin, qanunlarımızın müdafiəsi altındadır. Başqalarının tarixi irsini, keçmişini, torpaqlarını özününküləşdirmək haqda düşünmək və çirkin planlar qurub məkrli siyasət yürütmək əvəzinə, ən yaxşısı o olardı ki, belələri Prezident İlham Əliyevin bu mesajından faydalı nəticə çıxara bilsinlər: “”Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir”.
Ermənistan cəmiyyəti, ilk növbədə, revanş arzusu ilə yaşayan erməni müxalifəti və onları kənardan idarə edənlər bilməlidirlər ki, 30 il ərzində Qarabağı “artsax”, Şuşanı “şuşi”, Xankəndini isə “stepanakert” adlandırmaq tarixi həqiqətləri dəyişə bilmədiyi kimi, indiki cığallıqları və çığır-bağırları da mövcud reallığı dəyişə bilməyəcək. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun suveren ərazilərimizə səfəri onları bu qədər qıcıqlandırırsa, yaxud Azərbaycan Prezidentinin irəli sürdüyü sülh təşəbbüsünün yaratdığı tarixi fürsətin mahiyyətini hələ də dərk etmirlərsə, yaxşı olardı ki, vaxtilə Ermənistanın birinci prezidentinin müşaviri vəzifəsində çalışmış Jirayr Liparityanın bugünlərdə “The Armenian Mirror-Spectator” nəşrində dərc etdirdiyi məqaləni dönə-dönə oxusunlar. Bu məqalə 1920-ci ildə Daşnaksütyun partiyasının rəsmi orqanı olan “Xaraç” qəzetində dərc olunmuş yazının ingilis dilinə tərcüməsidir. 106 il bundan əvvəl həmin məqaləni dərc etdirən Ermənistanın ozamankı Baş naziri, Daşnaksütyun partiyasının ali icra orqanının büro üzvü Simon Vrasyan öz həmvətənlərinə yeganə çıxış yolu kimi bu tövsiyyəni verirdi. O yazırdı ki, türklərlə ümumi dil tapmaq lazımdır, erməni xalqı öz dövlətçiliyini qorumaq istəyirsə, türklərə tərəf istiqamətlənməlidir.
Bu, bolşeviklərdən əvvəlki Ermənistanın sonuncu Baş nazirinin öz soydaşlarına ibrətamiz tövsiyyəsidir. Ermənistanda hələ də qana susayan, keçmişin xiffətini çəkən və hər vəchlə sülh gündəliyinə mane olmağa çalışan zehniyyət sahibləri öz həmvətənlərinin nəsihətindən nəticə çıxarmaq iqtidarında deyillərsə, onda Prezident İlham Əliyevin bu mesajını da unutmasınlar: “Əlbəttə, müxtəlif yollar seçilə bilərdi və təbii ki, seçim Azərbaycanın idi. Çünki Azərbaycan müharibədə qalib gəlmişdir. Ermənistan tam məğlub edilmişdir, kapitulyasiya aktına imza atmışdır və əlbəttə ki, biz istənilən gündəliyi diktə edə bilərdik. Ancaq biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya, necə deyərlər, aydındır və bütün dünya bunu görür. Çünki bu qarşıdurma, bu müharibə nə vaxtsa dayanmalı idi və onu biz dayandırmasaq, onu heç kim dayandıra bilməzdi”.
İslam və Türk dünyasının mühüm parçası olan Qalib Azərbaycanın tarixi missiyası Cənubi Qafqazda dayanıqlı sülhü bərqərar etmək, ortaq təhlükəsizliyə və ümumi rifaha töhfə verməkdir. Lakin bu, o demək deyil ki, uzaq və yaxın keçmişimizi unudaraq, gələcək nəsillər naminə onlardan nəticə çıxarmamalıyıq. Əminəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 15-də İslam dünyasının nüfuzlu din xadimlərinin iştirakı ilə verdiyi bu mesaj hafizələrdə dərin iz buraxacaq və birliyə, sülhə, əmin-amanlığa tarixi çağırış kimi qiymətləndiriləcək: “Ona görə Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik”.
Ülvi Quliyev,
Milli Məclisin deputatı