Yüksək bilik və bacarıqlara malik gənclərin hərbi ali təhsil müəssisələrinə marağı azdır.
Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Deputat Xətai rayonunda ali məktəblərə 650-dən yüksək balla qəbul olunan gənclərlə keçirilən görüşü nümunə göstərib:
“Görüşə 61 gənc dəvət olunmuşdu. Onların arasında hərbi ali məktəbə qəbul edilən bir nəfər belə yox idi. Xüsusi təyinatlı ali məktəblərə daxil olanların balları isə əsasən 250–300 arasında dəyişirdi”.
Q.Həsənquliyev qeyd edib ki, müasir hərb sənəti yüksək erudisiya, ciddi riyazi hesablamalar və kompüter bilikləri tələb edir. Buna görə də texniki və riyazi bilikləri güclü olan gənclərin hərbi təhsilə cəlb edilməsi üçün əlavə təşviq mexanizmləri hazırlanmalıdır.
Onun sözlərinə görə, hərbi məktəblərə qəbul olunan kursantlara və onların valideynlərinə maddi dəstək göstərilməsi vacib olsa da, mövcud tədbirlər yetərli nəticə vermir.
Deputat kursantlarla ali hərbi məktəbə qəbul zamanı, zabitlərlə isə xidmətə başladıqda müqavilə bağlanmasını təklif edib:
“Müqavilədə hərbçinin hüquq və təminatları aydın göstərilməlidir. Onun vəziyyətini yaxşılaşdıran qanunlar qəbul edilərsə, həmin dəyişikliklər tətbiq olunmalı, hüquqlarını məhdudlaşdıran dəyişikliklər isə əvvəlki müqaviləyə təsir etməməlidir. Bu, hərbçilərin məhkəmədə öz hüquqlarını daha yaxşı müdafiə etməsinə imkan verər”.
Q.Həsənquliyev hərbçilərin mənzillə təminatında yaranan problemlərə də toxunaraq bəzi dövlət qurumlarının qanunvericiliyin tələblərini düzgün tətbiq etmədiyini söyləyib.
Deputat həmçinin hərbi ali məktəblərə digər universitetlərdən tələbə köçürülməsinə icazə verilməsini təklif edib:
“Fizika, riyaziyyat və ya kompüter elmləri üzrə birinci kursu bitirən, fiziki göstəriciləri də tələblərə cavab verən tələbələrin hərbi ali məktəblərə köçürülməsi mümkün olmalıdır”.
Q.Həsənquliyev məsələnin aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirəyə çıxarılmasını və bununla bağlı parlament dinləməsinin keçirilməsini təklif edib.