Modern.az

Azərbaycana xarici həkim adı ilə kimlər gətirilir?

Azərbaycana xarici həkim adı ilə kimlər gətirilir?

4 Sentyabr 2009, 09:52

“Xarici mütəxəssis dəvət edən özəl tibb müəssisəsi bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinə məlumat verməlidir”. Səhiyyə Nazirliyinin Özəl tibb müəssisələrinin rəhbərlərinə ünvanlanmış məktubunda qeyd edilir ki, özəl klinikalar xarici mütəxəsslərin özəl müəssisədə fəaliyyət göstərəcəyi müddəti, özəl müəssisə ilə mütəxəssis arasında əməkdaşlıq barədə bağlanmış müqavilənin surətini və mütəxəssis barədə məlumatları Nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinə təqdim etməlidirlər. Yalnız bundan sonra xarici mütəxəssislərin özəl klinikalarda fəaliyyətinə icazə veriləcək. Bununla bağlı, daha çox xarici mütəxəssislərin dəvət olunduğu özəl tibb müəssisələrindən olan “Avrasiya” klinikasının marketinq şöbəsinin rəhbəri Barat Yusubovun fikrini öyrəndik. Onun sözlərinə görə, bu qərar qüvvəyə mindikdən sonra demək olar ki, işlərində heç bir dəyişiklik olmayıb: “Əgər əvvəl heç bir yerə xəbər vermədən klinikamıza xarici həkimləri dəvət edirdiksə, indi artıq bu haqda Səhiyyə Nazirliyinə məlumat veririk. Dəvət olunmuş mütəxəssisin diplomunun surəti, uzmanlığı, klinika ilə olan müqaviləsi yazılı şəkildə Nazirliyə göndərilir. Əgər dəvət olunmuş mütəxəssisin sənədləri düzgündürsə, heç bir problem olmur. Bu qərarın üstünlüyü odur ki, xəstəxanalarda hansı tarixlərdə xarici həkimin işləyəcəyini bəribaşdan Səhiyyə Nazirliyi bilir”.

Professor Adil Qeybulla da qərara münasibətini bildirib: “Bütün dünyada bu qayda mövcuddur. Məsələn, Türkiyədə hər hansı bir ölkə vətəndaşı olan həkim cərrahiyyə ilə məşğul olmaq və ya hər hansı bir xəstəyə müalicə yazmaq üçün Türkiyə vətəndaşı olmasa belə, ən azı 5 il orada yaşamalıdır. İndi Azərbaycana xarici mütəxəssis adı ilə kimlər gətirilir, necə gətirilir, bütün bu mexanizmlərə bir nəzarət lazımdır. Əslində bəzən vətəndaşlarımız arasında xarici mütəxəssislərə meyl daha çox olur. Bunun nəticəsidir ki, artıq milli səhiyyəmizə yuxarıdan aşağı baxmaq və s. kimi tendensiyalar yaranıb. Bu da öz mütəxəssislərimizə güvənci azaldır. Ona görə bu, çox önəmli qərardır. Xaricdən gələn mütəxəssislər burada konsultasiyalar edə, bizim mütəxəssislərlə bir yerdə əməliyyatlarda iştirak edə bilərlər. Təəssüf ki, çox hallarda onlar xəstələrin yanında bizim həkimləri də aşağılayırlar. Nəzərdə tutmaq lazımdır ki, müəyyən vaxtlarda bizim mütəxəssislər də Rusiyada və başqa yerlərdə hazırlanıb. Xaricdən həkimlərin belə çox dəvət olunması nəticəsində həmin yerli mütəxəssislər də arxa planda qalırlar. Doğrudur, özəl tibb müəssisəsini indiki şəraitdə - bazar iqtisadiyyatının ağır yaşam şərtləri daxilində saxlamaq çox çətindir. Ona görə də özəl xəstəxanalar bu cür üsullarla gəlir əldə etməyə çalışırlar. Amma gəlir xatirinə hər şeyə göz yummaq olmaz. Ola bilər ki, bu qərar özəl klinikaların işinə müəyyən qədər təsir etsin, amma istənilən halda bu işi elə nizamlamaq olar ki, yenə də son nəticə yaxşı olsun. Yəni xarici mütəxəssis bura gələndə bilsin ki, Azərbaycan da müstəqil dövlətdir. Buranın da mütəxəssisləri var və müəyyən mənada onlarla hesablaşmaq lazımdır. Hesab edirəm ki, əgər bu qərar sağlam məqsədə xidmət edəcəksə, öz xeyirli təsirini göstərməlidir”.

Kəmalə TOFİQQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi