2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Bu tarixi qələbənin arxasında Vətən uğrunda canından keçən igidlərin qanı, yarımçıq qalan ömürləri və geridə qoyduqları gözüyaşlı ailələri vardı.
Onlardan biri də cəmi 19 yaşında şəhidlik zirvəsinə ucalan komando əsgər Hüseyn Faiq oğlu Novruzzadə idi.
Şəhidin anası Münəvvər Novruzova oğlunun son günləri, onunla son danışığı və uşaqlıqdan qəlbində daşıdığı Vətən sevgisi barədə Modern.az-a danışıb.
Münəvvər xanım oğlu ilə sonuncu dəfə 2023-cü il sentyabrın 3-də görüşüb. Həmin gün Hüseyn ailəsinə harasa aparılacaqlarını desə də, hara getdiyini açıqlamayıb:
“Biz Hüseynlə axırıncı dəfə sentyabrın 3-də görüşdük. Dedi: "Ana, bizi aparırlar". Soruşdum ki, hara? Heç nə demədi. Sadəcə, "Atam bilməsin", söylədi”.

Ana ilə oğulun son telefon danışığı isə sentyabrın 17-də, antiterror tədbirlərindən iki gün əvvəl olub. Hüseyn yenə də anasını sakitləşdirməyə, qarşıda onları nələrin gözlədiyini hiss etdirməməyə çalışıb:
“Mənə zəng edib dedi: ‘Məndən nigaran qalmayın, hər şey yaxşıdır’. Səsində elə bir şey vardı ki, sözlə ifadə edə bilmirəm. Soruşanda isə tez söhbətin istiqamətini dəyişdi. Dedi ki, maaş veriblər, yemək və su almışıq. Sonra da söylədi: "Məni fikirləşməyin, özünüzdən muğayat olun".
Bu, Hüseynin anası ilə son danışığı olub.
Münəvvər xanım deyir ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi başlayanda Hüseyn hələ 10-cu sinifdə oxuyurdu. Cəbhədən gələn şəhid xəbərləri yeniyetmə oğlana çox təsir edirdi. Hər şəhid fotosuna, hər vida mərasiminə ürək ağrısı ilə baxırdı.
O zaman bəlkə də heç kim Hüseynin bir neçə il sonra həmin qəhrəmanlıq tarixinin davamını yazacağını düşünmürdü.
Anası onun hələ dördüncü sinifdə oxuyarkən döyüş və şəhidlik barədə söylədiyi bir cümləni bu gün də unuda bilmir:
“Şəhid olmadınsa, o döyüşün nə ləzzəti oldu?”
Uşaq düşüncəsi ilə deyilmiş bu sözlər illər sonra Hüseynin taleyinə çevriləcəkdi.
Hüseyn Novruzzadə 18 yaşı tamam olduqdan sonra, 2022-ci il aprelin 4-də həqiqi hərbi xidmətə çağırılıb. O, həmin ilin sentyabrında Laçın istiqamətində baş verən döyüşlərdə də iştirak edib.

Komando hazırlığı keçən gənc əsgər Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib. Hərbi xidmətinin başa çatmasına isə cəmi doqquz gün qalırdı. Ailəsi onun qayıdacağı günü gözləyir, evdə görüşə hazırlaşırdı.
Ancaq Hüseyn doğma evinə əsgər kimi deyil, şəhid kimi qayıtdı. O, 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Sırxavənd qəsəbəsi istiqamətində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda döyüşərək şəhid olub.
Hüseyn Faiq oğlu Novruzzadə 2004-cü il martın 16-da Bakının Yasamal rayonunda anadan olub. 2010-cu ildə Səbail rayonundakı 189–190 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2021-ci ildə həmin məktəbi bitirib.
Onun cəmi 19 illik ömrü oldu. Hərbi xidmətini tamamlamasına doqquz gün, qarşıda yaşamağa isə bütöv bir ömür qalırdı.
Hüseyn o ömrü Vətənə bağışladı.
Nicat Rüstəm