Modern.az

Alimlər Xudafərin SES-in ətrafında tapılmış tarixi məzarlıqlar barədə müzakirə aparıblar

Alimlər Xudafərin SES-in ətrafında tapılmış tarixi məzarlıqlar barədə müzakirə aparıblar

18 Sentyabr 2009, 18:18

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti akademik Arif Həşimovun iştirakı ilə Araz çayı üzərində Xudafərin SES-in və «Qız qalası» hidroqovşağının tikintisi zamanı aşkar olunmuş tarixi abidələrlə bağlı müzakirələr aparılıbr. Müzakirələrdə Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, Tarix İnstitunun direktoru Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru Maisə Rəhimova da iştirak edib. Tədbirdə qeyd edilib ki, Azərbaycan və İran hökumətləri arasında qarşılıqlı razılaşma əsasında Araz çayı üzərində 2x100 meqavat gücündə “Xudafərin” və 2x40 meqavat gücündə “Qız qalası” SES-lərin tikinti işləri aparılır. Hələ 70-ci illərdən layihəsi hazırlanmış tikinti işlərinin 80%-i başa çatıb. Məlumata görə Xudafərin körpüsü ətrafında tikinti işləri aparılan ərazidə tarixi məzarlıq aşkar edilib və bu haqda Azərbaycan tərəfinə heç bir məlumat verilməyib. Tarixi Azərbaycan ərazisində aşkar olunan maddi-mədəniyyət nümunələrinin tədqiqatının İran İslam Respublikası tərəfindən birtərəfli qaydada aparılması Azərbaycan alimlərini narahat edib.

Məsələyə münasibətini bildirən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov layihəyə görə hər iki ölkə alimlərinin tikinti aparılan ərazilərdə arxeoloji tədqiqatlarda iştirak etmək hüquqlarının olduğunu, lakin azərbaycanlı alimlərin bu tədqiqatlarda iştirak etmək üçün dəvət almadıqlarını bildirib. O, bu torpaqların tarixən Azərbaycanın ərazisi olduğunu və azərbaycanlı alimlərin bu ərazilərdə tapılan abidələrin üzərində Azərbaycanın maddi-mədəniyyət nümunələri kimi araşdırmalar aparmaq hüququna malik olduqlarını deyib: “Beynəlxalq qaydalara əsasən qonşu dövlət layihədə nəzərdə tutulmuş ərazidə qazıntı işlərinin aparılması və tapılmış tarixi materialların araşdırılması üçün azərbaycanlı alimlərin iştirakına şərait yaratmalıdır”.

Alimlər qazıntı zamanı tapılan Azərbaycanın tarixini əks etdirən qızıl əşyaların e.ə. II minilliyin əvvəllərinə təsadüf etdiyini bildiriblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...