Narkotik vasitələrin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin dövlətin xeyrinə müsadirə edilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Hikmət Babaoğlu çıxış edib.
Deputat bildirib ki, narkotik vasitələrin daşınmasına qarşı mübarizəni gücləndirmək üçün daha sərt qanunvericilik mexanizmlərinə ehtiyac var:
“Düşünürəm ki, narkotik daşıyan nəqliyyat vasitələrinin dövlət büdcəsinin xeyrinə müsadirə olunması ilə bağlı ayrıca qanun qəbul edə bilərik. Bəzən bahalı yük avtomobillərində xüsusi gizli yerlər düzəldilir və oradan yüz kiloqramlarla, hətta tonlarla narkotik vasitə aşkarlanır. Narkotik müsadirə edilir, lakin nəqliyyat vasitəsi yoluna davam edir. Belə olduqda mübarizə kifayət qədər səmərəli olmur”.
Hikmət Babaoğlunun sözlərinə görə, həm sürücü, həm də nəqliyyat vasitəsinin sahibi məsuliyyət hiss etməlidir:
“Onlar bilməlidirlər ki, nəqliyyat vasitəsindən narkotik ticarəti üçün istifadə edilərsə, həmin avtomobili itirə bilərlər. Bu, daha çəkindirici tədbir ola bilər”.
Deputat narkotiklərlə mübarizənin yalnız kuryerlərlə məhdudlaşmamalı olduğunu da vurğulayıb. Onun fikrincə, hüquq-mühafizə orqanları narkotik şəbəkələrinin rəhbərlərini və onları idarə edən şəxsləri müəyyənləşdirməlidir:
“Biz hələlik narkokuryerlər səviyyəsində mübarizə aparırıq. Artıq bir mərhələ yuxarı qalxmalı, narkobaronlarla və narkotik daşınmasının arxasında dayanan şəbəkələrlə mübarizə aparmalıyıq. Hüquq-mühafizə orqanlarının imkanlarını genişləndirən yeni qanunvericilik mexanizmləri yaradılmalıdır”.