Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev İstanbulda keçirilən XXIII Ümumdünya Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi Konqresində (IFOS Istanbul 2026) Azərbaycanı təmsil edib.
Modern.az xəbər verir ki, 9–13 sentyabr 2026-cı il tarixlərində keçirilən konqresdə dünyanın müxtəlif ölkələrindən minlərlə otorinolarinqoloq, baş-boyun cərrahı və tanınmış elm xadimi iştirak edib.
Dosent Məzahir Quliyev konqresin elmi proqramı çərçivəsində iki mövzuda məruzəçi, iki beynəlxalq elmi sessiyada sədr, bir sessiyada isə moderator qismində iştirak edib.
Konqresdə təqdim olunan hər iki məruzə müasir otorinolarinqologiya, estetik və rekonstruktiv burun cərrahiyyəsinin aktual problemlərinə həsr olunub.
Dosent Məzahir Quliyevin ilk məruzəsi “Preservation Extracorporeal Aesthetic Septoplasty in Pediatric Patients” – “Pediatrik pasiyentlərdə qoruyucu ekstrakorporal estetik septoplastika” mövzusunda olub.
Məruzədə uşaqlarda ağır septal deviasiyalar, uğursuz septoplastika əməliyyatlarından sonra yarana bilən fəsadlar və onların aradan qaldırılmasına yönəlmiş müasir cərrahi yanaşmalar təqdim edilib.
Xüsusilə uşaqlarda burun arakəsməsinin böyümə mərkəzlərinin qorunması, əməliyyatdan sonrakı burun deformasiyalarının, burun belinin çökməsinin və burun ucunun aşağı düşməsinin qarşısının alınması məsələləri diqqət mərkəzində olub.
Məruzəçi tərəfindən təklif edilən qoruyucu ekstrakorporeal estetik septoplastika metodikası burun tənəffüsünün bərpası ilə yanaşı, inkişaf etməkdə olan burunun dayaq strukturlarının və böyümə zonalarının qorunmasını nəzərdə tutur.
Metodun əsas məqsədi septal deformasiyanı tam şəkildə korreksiya etməklə bərabər, uşağın gələcək nazal inkişafına mümkün təsirləri minimuma endirmək və ikincili estetik deformasiyaların yaranmasının qarşısını almaqdır.
Təqdimatda 6–15 yaşlı 54 pediatrik pasiyent üzərində aparılmış klinik müşahidələrin nəticələri, cərrahi metodikanın əsas mərhələləri və uzunmüddətli izləmə göstəriciləri elmi auditoriyanın diqqətinə çatdırılıb.
Dosent doktor Məzahir Quliyev tərəfindən işlənib hazırlanmış bu müasir yanaşmanın elmi nəticələri plastik və estetik cərrahiyyə sahəsində nüfuzlu beynəlxalq nəşrlərdən biri olan “Aesthetic Plastic Surgery” jurnalında dərc edilib.
Təqdim olunan metodika konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında elmi müzakirələr aparılıb.
İkinci elmi məruzə revizion rinoplastika və əyri burun deformasiyalarının cərrahi korreksiyasında tətbiq edilən innovativ yanaşmalara həsr olunub.
Məruzədə dosent Məzahir Quliyevin müəllifi olduğu “Rhino-Graft Technique for Revision Rhinoplasty” – “Revizion rinoplastikada Rhino-Graft texnikası” təqdim edilib.
Rhino-Graft metodikasının əsas məqsədi burun arakəsməsinin kaudal hissəsinin möhkəm və uzunmüddətli stabilizasiyasını təmin etmək, burun skeletinin dayaq mexanizmlərini bərpa etmək və revizion əməliyyatlardan sonra deformasiyanın təkrar yaranma riskini azaltmaqdır.
Bununla yanaşı, təqdimatda əyri və assimetrik burunların korreksiyası zamanı tətbiq edilən Precision Piezo-Osteotomy – dəqiq piezo-osteotomiya metodikası haqqında məlumat verilib.
Dosent Məzahir Quliyev tərəfindən hazırlanmış və patentləşdirilmiş xüsusi cərrahi alət və istiqamətləndirici sistem osteotomiya xəttinin daha dəqiq planlaşdırılmasına, sümük kəsiklərinin nəzarətli şəkildə aparılmasına və ətraf yumşaq toxumaların mümkün qədər qorunmasına imkan verdiyi təqdim olunub.
Bu metodika da beynəlxalq elmi ictimaiyyətə təqdim edilib və onun nəticələri “Aesthetic Plastic Surgery” jurnalında dərc olunub.
Rhino-Graft texnikası ilə dəqiq piezo-osteotomiyanın birlikdə tətbiqi xüsusilə mürəkkəb revizion əyri burun deformasiyalarında struktur sabitliyin və daha dəqiq estetik nəticələrin əldə olunmasına yönəlib.
Hər iki məruzə konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, təqdim olunan innovativ cərrahi yanaşmalar ətrafında fikir mübadiləsi və elmi müzakirələr aparılıb.
Dosent doktor Məzahir Quliyev, eyni zamanda, konqresin iki beynəlxalq elmi sessiyasına sədrlik edib və bir sessiyada moderator kimi fəaliyyət göstərib. Sessiyalar zamanı xarici mütəxəssislərin məruzələri təqdim olunub, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
ADHTİ əməkdaşının dünyanın ən böyük otorinolarinqoloji elmi platformalarından biri olan IFOS Ümumdünya Konqresində iki elmi məruzə ilə çıxış etməsi, iki sessiyaya sədrlik və bir sessiyaya moderatorluq etməsi institutun elmi potensialının, Azərbaycan otorinolarinqologiyasının və ölkəmizdə hazırlanmış innovativ cərrahi metodikaların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.