Modern.az

"Mən xərçəngə qalib gəldim”: Sağlam qadınların hekayələri ümidə çevrilir

"Mən xərçəngə qalib gəldim”: Sağlam qadınların hekayələri ümidə çevrilir

Aktual

Bu gün, 15:38

Süd vəzi xərçəngini geridə qoymuş qadınların iştirakı ilə “Mən xərçəngə qalib gəldim” devizi altında görüş keçirilib.

Modern.az-ın məlumatına görə, görüş Referans Medical Group daxilində fəaliyyət göstərən Referans Hayat Hospitalın onkoloq-mammoloqu, PhD, Dr. Günay Əhmədovanın təşəbbüsü ilə təşkil olunub.

Görüş oktyabr ayında qeyd olunan Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində həyata keçiriləcək layihələrin başlanğıcı olub.

Səmimi söhbət formatında keçirilən görüşdə iştirakçılar xəstəlik diaqnozunu öyrəndikləri ilk gündən müalicə prosesinin sonuna qədər keçdikləri yol, qarşılaşdıqları çətinliklər, yaxınlarının dəstəyi və yenidən gündəlik həyata qayıtmaları barədə danışıblar.

İştirakçıların hekayələri fərqli olsa da, əsas mesaj eyni olub: xəstəliklə mübarizə aparan qadın üçün mənəvi dəstək və ümid mühüm rol oynayır.

Dr. Günay Əhmədova çıxışında süd vəzi xərçənginin qadınların həyatında həm fiziki, həm də emosional dəyişikliklərə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, müalicə zamanı tibbi baxımdan mümkün olan hallarda süd vəzisinin qorunması ilə yanaşı, qadının həyat keyfiyyətinin və özünəinamının dəstəklənməsi də vacibdir.

Həkim “Heç bir xanım süd vəzisini itirməsin” mesajını səsləndirərək erkən aşkarlanmanın əhəmiyyətini vurğulayıb. O, qadınları süd vəzisində hər hansı dəyişiklik müşahidə etdikdə vaxtında mütəxəssisə müraciət etməyə çağırıb.

Görüşün sonunda iştirakçılara ümid və yeni başlanğıcların rəmzi kimi ağ qızılgüllər təqdim olunub.

Layihə çərçivəsində süd vəzi xərçəngini geridə qoymuş qadınların şəxsi hekayələrinin paylaşılması, xəstəliklə bağlı maarifləndirmənin artırılması və erkən aşkarlanmanın əhəmiyyətinin diqqətə çatdırılması nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland