Azərbaycanda magistratura, rezidentura və doktorantura təhsili alan zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarının sifarişi ilə magistratura və ya rezidenturanı müvəffəqiyyətlə bitirən zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.
Doktorantura və ya adyunkturanı başa vuraraq müvafiq elmi dərəcə alan zabitlərə də eyni güzəşt tətbiq ediləcək. Müddətin azaldılması ali təhsilin hər bir səviyyəsi üzrə yalnız bir dəfə nəzərə alınacaq.
Dəyişikliklə “leytenant” hərbi rütbəsində olma müddəti də yenidən müəyyənləşdirilir. Təhsil müddəti beş il olan xüsusi təyinatlı ali təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün bu müddət iki il olacaq.
Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə “leytenant” rütbəsində olma müddəti bir il müəyyən ediləcək. Səlahiyyətli qurumun müəyyənləşdirdiyi digər hallarda da bu müddət bir il ola bilər.
Beləliklə, layihə zabitlərin magistratura, rezidentura, doktorantura və adyunktura üzrə təhsilinin hərbi karyeralarında nəzərə alınmasını nəzərdə tutur.