Modern.az

Altı ayda 30 min vətəndaşa sürücülük vəsiqəsi verilib

Altı ayda 30 min vətəndaşa sürücülük vəsiqəsi verilib

30 Avqust 2009, 18:23

BAŞ DÖVLƏT YOL POLİSİ VƏSİQƏLƏRİN VERİLMƏ PROSESİNİN ŞƏFFAF OLDUĞUNU İDDİA EDİR

Respublikamızda sürücülük vəsiqəsi almaq istəyənlərin sayı durmadan artır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov Modern.az saytına bildirib ki, təkcə 2009-ci ilin altı ayı ərzində təxminən 30 min nəfərə yaxın vətəndaşa sürücülük vəsiqəsi verilib. Ə.Məcidov bu sənədə yiyələnlərin əksəriyyətinin kişilər olduğunu vurğulayıb. Onun sözlərinə görə, sürücülük vəsiqəsi alan qadınların da sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Bununla belə müsahibimiz sürücülük vəsiqəsi alan qadınların sayı ilə bağlı dəqiq rəqəm söyləməyib.

Qeyd edək ki, bəzi vətəndaşlar sürücülük vəsiqəsinin verilməsi prosesində ciddi nöqsanların olduğunu bildirir, rüşvətxorluq halları ilə üzləşdiklərini söyləyirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Ərəstun Məcidov isə bu deyilənlərlə razılaşmır: «Sürücülük vəsiqəsinin verilmə prosesində heç bir qanun pozuntusu halları mövcud deyil. Bununla bağlı səslənən iradların əsası yoxdur».

Qaydalara görə, sürücülük vəsiqəsi almaq istəyən vətəndaş öncə müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidir. Sonra o, kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə arayışı və şəxsiyyət vəsiqəsini daimi pasport qeydiyyatında olduğu ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan məntəqəsinə gətirib müvafiq imtahanların verilməsi üçün təqdim etməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan məntəqəsində vətəndaşdan yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar götürülür. Göstərilən imtahanları müvəffəqiyyətlə verən şəxs sürücülük vəsiqəsi ala bilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, sürücülük vəsiqələrinin verilməsi üçün imtahanların qəbuluna görə 20 manat dövlət rüsumu müəyyən edilib. Sürücülük vəsiqəsi blankının dəyəri isə 16 manatdır.

 

Aqil LƏTİFOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?