Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsindən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisində deputatların sayı 43-ə enib.
Modern.az xəbər verir ki, 45 deputat yerindən ibarət Ali Məclisin VII çağırışında indiyədək iki deputat mandatından məhrum edilib. Bunlar Əli Abbasov və Qəzənfər Abdullayevdir.
Qəzənfər Abdullayevin mandatına oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclasında baxılıb. Komissiya onun öz müraciəti əsasında deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib. Abdullayev 39 saylı Bənəniyar seçki dairəsindən deputat seçilmişdi.
Bundan əvvəl, 2025-ci il dekabrın 11-də 4 saylı Yengicə seçki dairəsindən deputat seçilmiş Əli Abbasov mandatından məhrum olunub. Onun barəsində Ali Məclisə daxil olan vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən araşdırma aparılıb.
Naxçıvan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, araşdırma zamanı Abbasovun deputatların etik davranış qaydaları haqqında qanunun tələblərini kobud şəkildə pozduğu müəyyənləşdirilib. İntizam Komissiyasının rəyi və təqdim olunan sənədlər əsasında onun mandatına xitam verilib.
Beləliklə, Ali Məclisdə 4 saylı Yengicə və 39 saylı Bənəniyar seçki dairələri üzrə iki deputat yeri boş qalıb.