Modern.az

Dənizkənarı Bulvarda qaydaları pozanlar cərimələnəcək

Dənizkənarı Bulvarda qaydaları pozanlar cərimələnəcək

23 Sentyabr 2009, 10:14

Düz bir ilə yaxındır Dənizkənarı Bulvarda abadlıq işləri aparılır. Dörd mərhələdən ibarət işlərin ikinci mərhələsi bu ilin sonuna qədər tamamlanacaq. Bütün mərhələlərin başa çatması isə dörd il sonra yekunlaşacaq. Bu müddətdə bulvarın ərazisi Günəşli istiqamətinə doğru genişlənəcək. Dörd ildən sonra Bakının Dənizkənarı Bulvarı Avropanın ən böyük sahil parkı olacaq.

Milli park kimi tanıdığımız bulvarda təmir işlərinin getməsinə baxmayaraq şəhər sakinlərinin bu məkana marağı həmişəki kimidir. Bulvarda dəyişən çox şey var. Bu istirahət məkanında mühafizə xidmətinin yaradılması ilə əvvəllər tez-tez baş verən dava-dalaş halları azalıb, sahil zolağı boyunca “sevgili” cütlüklərin camaatın gözü qarşısında öpüşmələrinə isə ümumiyyətlə daha rast gəlinmir. İndi bulvarı zibbiləndirənlərə qarşı da ciddi mübarizə aparılır. Milli parkda nöqsanlarla qarşılaşanlar Dənizkənarı Bulvar İdarəsinin “qaynar xətt” telefonuna şikayət də edə bilərlər.

Bulvar İdarəsinin rəsmisi Nazim Məcidov Modern.az-ın əməkdaşı ilə söhbətdə deyib ki, hər gün “qaynar xətt”ə çoxlu zənglər daxil olur: “Zəng edənlər daha çox bulvardakı qiymətlərin baha olmasından gileylənənlərdir. Bəzən haqlı irad bildirənlər, bekarçılıqdan zəng edənlər də olur”. N.Məcidovun sözlərinə görə, Dənizkənarı Bulvarda xaltasız it gəzdirmək qadağan olunsa da, bəzi Bakı sakinləri buna əhəmiyyət vermirlər. Bulvarda açıq tum satışına da son qoyulub. N.Məcidov deyir ki, Milli parkda qayda-qanunlara əməl etmək istəməyənlərə qarşı mübarizəni gücləndirmək məqsədilə inzibati cərimələrin tətbiqi nəzərdə tutulur: “İndiyə qədər qaydaları pozanlarla söhbət edilir, maarifləndirmə işi aparılırdı. Amma tezliklə cərimələrin də tətbiqi planlaşdırılır”.  

 

Rövşən NƏCƏFOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi