Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında məlumat paylaşıb.
O, bildirib ki, tərəflərin komandaları Ukrayna ərazisində "Patriot" zenit-raket kompleksləri üçün raketlərin birgə istehsalına başlanılması istiqamətində işləri davam etdirirlər:
"Komandalarımızın Ukraynada “Patriot”raketlərinin istehsalına başlanılması istiqamətində işləri davam etdirməsinə görə minnətdaram. Əgər Rusiya danışıqlardan imtina edərsə və bu qış və daha sonra da xalqımıza qarşı ballistik terrora üstünlük verərsə, məhz bu addım insan həyatını qorumağa kömək edəcək".
Ukrayna dövlət başçısı əlavə edib ki, ABŞ nümayəndə heyəti ilə görüşdə Kiyevə "Patriot" raketlərinin də daxil olacağı "qış hava hücumundan müdafiə paketi"nin verilməsi və diplomatiyaya yol aça biləcək deeskalasiya addımları müzakirə olunub.
Qeyd edək ki, görüşdən əvvəl təşkil olunan qısa brifinqdə Donald Tramp Ukraynaya raket lisenziyalarının verilməsinə icazə verməyə hazır olub-olmaması ilə bağlı suala dəqiq cavab verməyib və bu məsələnin görüşdə müzakirə ediləcəyini bildirməklə kifayətlənib.