Modern.az

Məktəb yaşlı uşaqların valideynlərinə xəbərdarlıq...

Məktəb yaşlı uşaqların valideynlərinə xəbərdarlıq...

29 Sentyabr 2009, 11:08

Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng xəstəlikləri üzrə tədqiqat fondu bir müddət öncə valideynlərə məktəb yaşlı övladlarının qidasına xüsusi diqqət ayırmağı tövsiyə edib. Adı çəkilən fond uşaqlara məktəbə aparmaları üçün bütün növ kolbasa məmulatları verməməyi məsləhət görüb. Təşkilat bunu onunla əsaslandırıb ki, kolbasa istehsalçıları ət məhsullarının görkəmini gözəgəlimli və iştaha gətirən etmək üçün onların tərkibinə bol miqdarda natrium nitrat maddəsi qatırlar. Bu maddə qatılmadıqda kolbasa məhsulları cəzbedici olmur. Araşdırmalar göstəriri ki, natrium nitrat zəif orqanizmlərdə xərçəng əmələ gətirmə riskini artırır. Mütəxəssislər məsləhət görürlər ki, valideynlər uşaqların çantalarına qoyduqları kolbasa məmulatlarını toyuq əti, balıq, yumurta, pendir, bulka məmulatları ilə əvəz etsinlər.

Azərbaycanda da Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də dəfələrlə bəyan edib ki, məktəb bufetlərində tərkibi konservantlar, aromatorizatorlarla zəngin qidaların, kolbasa və sosikaların satılması uşaqların sağlamlığına ziyanlıdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Modern.az-a bildirib ki, Azərbaycnda sırf uşaqlar üçün kolbasa istehsalı yox dərəcəsindədir. Xaricdə isə uşaqlar üçün ayrıca kolbasa məhsulları buraxılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da valideynlərə uşaqlarına kolbasa məmulatları verərəkən diqqətli olmağı məsləhət görür. Məsələ burasındadır ki, uşaqlar üçün istehsal olunan kolbasaların tərkibinə sümük unu əlavə olunmamalı, natrium nitrat cüzi miqdarda qatılmalıdır. Araşdırmalar göstərib ki, respublikamızda bütün kolbasa istehsalçıları məhsulun tərkibinə sümük unu əlavə edirlər. Mövcüd tələblərə görə orta məktəblərin bufetlərində şagirdlərə qazlı suların əvəzinə südlü kakao, çay və limonad, kolbasalardan düzəldilən buterburodların yerinə isə bulka məmulatları satılmalıdır. Amma bir çox ümumtəhsil müəssisəlirinin ictimai iaşə obyektində şagirdlərə «Koka-kola», «Pepsi-kola» və digər qazlaşdırılmış sular, kolbasa və sosiska, mənşəyi bəlli olmayan çips, şokolad, keyfiyyətsiz peçenyeler satılır. Mütəxəssislər isə bildirirlər ki, sadalanan qidalar uşaqlar üçün təhlükəlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov saytımıza deyib ki, hazırda məktəblərdə sanitar-gigiyenik vəziyyətlə bağlı yoxlamalar aparılır. Yoxlamalar zamanı məktəb bufetlərində hansı qidaların satıldığı da öyrənilir. Qeyd edək ki, qonşu Rusiya Federasiyasında orta məktəblərdə çips, «Koka-kola», «Pepsi-kola» və konservləşdirilmiş digər qida məhsullarının, şokoladların satışı hələ ötən ildən qadağan edilib.

Kəmalə TOFİQQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi