23 Dekabr 2020, 17:43 | Ana Səhifə - Yazılar - Rusiya ilə oyun formulu
Rusiya ilə oyun formulu

Qəzənfər Həmidoğlu

Corc Oruellin "Heyvanıstan" ("Animal Farm") əsərində məşhur bir ifadə var: "Yalanın tüğyan etdiyi zamanda həqiqəti demək ekstremizmdir".

Vətən müharibəsi günlərində Qərb mediasının, Rusiya dairələrinin Qarabağ savaşı barədəki dezinformasiya və ağ yalanları bizi hövsələdən çıxardır və incidirdi.

Zəfərdən sonra bir çox sualın açıq, üçtərərəfli bəyanatda bir çox məsələnin qapalı qalmasının qeyri-sağlam şübhələrə zəmin yaratması fonunda siyasi və geosiyasi mülahizələrlə yalan, feyk xəbər və təhlillər içəridən daxili həyatımızı bürüməyə başladı...

***

Qarabağdakı rus hərbi kontingentinin davranışı, Qalib əsgərin üzləşdiyi çətinliklər və Orduya əcaib yardım kampaniyası Vətən Müharibəsi günlərində yüksələn milli kefimizə Zəfərdən sonra qəfil soğan doğradı.

Üstəlik, bu problemlər ətrafında açılan polemikalar ovqatımızı qıcıqlandırır, cəmiyyəti çaşqın edir.

Məsələ həmin problemlərdə və polemikalarda deyil. Hər halda, bu, faciə deyil, uzağı kədərli, amma düşündürücüdür.

Məsələ at izinin it izinə qarışmasındadır. Alternativ fikrə, sərt tənqidə, müxalif rəyə, konstruktiv ittihama dözümlü yanaşmaq lazımdır. Amma gizli deyil ki, bir çox radikal suçlamalar aşkar antitəbliğat, destruktiv niyyət və informasiya savaşı ünsürüdür.

***

Hakimiyyətin ünvanına rus sülhməramlıları və ya 10 noyabr üçtərəfli bəyanatına imza atılması ilə bağlı elə ittihamlar (xəyanət, Qarabağı ruslara satmaq, şəhid qanının yerdə qalması və s.) irəli sürülür ki, İrəvandakı mitinqlərdə Paşinyana suçlamalar bəlkə də bu dozada deyil. Az qala şübhəyə düşürsən ki, 27 sentyabrda cəbhədə əks-hücuma keçməklə düz etdik, yoxsa səhv?

Hakimiyyətin opponentləri iddia edirlər ki, müharibəni davam etdirsəydik, Rusiya heç nə edə bilməzdi. Yəni, rus təhdidi şişirdilir. Digəri isə iddia edir ki, çeçenlər qədər olmadıq, o kiçik xalq rusları nə günə salmışdı. Hərif yəqin ki, Qroznının nə günə düşməsindən və Ramzanın çeçenləri nə hala salmasından xəbərsizdir. Hətta Donbasada və Gürcüstanda ukraynalılarla gürcülərin ruslara "fəxri məğlubiyyət"indən danışan da var. Belə çıxır ki, mümkün bəladan qaçmamalı, onu öz dərimizdə sınaqdan keçirməliydik.

Tanınmış politoloq Pol Qoblu kimsə nə iqtidara trolluqda, nə də müxalifətə işləməkdə suçlayar. ABŞ prezidentinin keçmiş müşaviri situasiyanı belə dəyərləndirir: "Azərbaycan Ordusu bütün Qarabağı işğaldan azad edə və Ermənistan ordusunu tamamilə məhv edə bilərdi. Amma belə etsəydi, Azərbaycan hərbi cinayətlərdə təqsirləndiriləcəkdi. Azərbaycan istədiyinə nail oldu, amma reputasiyasına ziyan vurmadı".

Digər ekspertlər isə, Ağdam, Kəlbəcər və Laçın uğrunda savaşda daha çox şəhid verə biləcəyimizi və hakimiyyətin bunu göz önünə aldığına diqqəti cəlb edirlər.

***

Digər yandan, Zəfərdən yalnız təbliğat aləti kimi yararlanmaq, problemləri onun kölgəsində gizlətmək, postsavaş dövrünün ortaya çıxardığı məsələlərə reaksiyasızlıq yalnız əks-effekt verir. Primitiv təbliğat isə antitəbliğatdan da ziyanlıdır.

Ordu həssas məsələdir, onun imicinin zədələnməsinə imkan verilməməlidir. Digər yandan, yardım fondlarının əsgər və şəhid ailələrinin mənliyinə toxunan "xeyriyyəçiliyi"nin birmənalı qarşılanmayacağını anlamamaq üçün abdal olmaq lazımdır.

Hər cəmiyyətin ağrı və dərdləri olur, onların üzərini yaxın və orta müddət üçün örtmək, görməzdən gəlmək olar, amma çarə tapılmasa, uzaq vədədə ciddi başağrıları yaradacağı şəksizdir.

***

Davamız, mücadiləmiz hələ bitməyib. Daxili ictimai-siyasi sabitliyə, həmrəyliyə ehtiyacımız var. Azərbaycanın qarşısında duran taleyüklü məsələlərin həlli bunsuz mümkün deyil.

Hazırda vacib məsələ Rusiya və digər supergüclərlə oyun düsturunu, formulunu düzgün qurmaqdır.

Unutmayaq:10 noyabr üçtərəfli bəyanatı savaşı dayandırıb, amma üfüqdə hələ sülh görünmür. Rusiya indiki status-kvoda yerini möhkəmlətməyə çalışır və nə qədər uzağa gedə biləcəyini, işğal ərazisini nə qədər böyüdə biləcəyini dəqiqləşdirmək istəyir. Odur ki, Bakının hövsələ və reaksiyası yoxlanılır. Azərbaycan bu yoxlamaya sərt reaksiya verə və tutduğu mövqelərə uzanan əli kəsə bilir.

Bir çox təhlilçi əmindir ki, Co Baydenin Ağ evdə oturması ilə 2021-ci ildə qlobal oyunlar qızışacaq, fərqli geosiyasi situasiyalarla rastlaşacağıq. Belə ümidlər də var ki, ABŞ nəhayət ki, Azərbaycanın geosiyasi önəmini anlayacaq və Vaşinqton-Bakı münasibətləri buna adekvat olacaq.

Necə deyərlər, günəş altında hər şey mümkün, heç nə istisna deyil. Əslində, Bakı və Ankaranın indiki situasiyada da birgə oyun qurmaq imkanları var. Təbii ki, seyid cəddinə arxayın olan kimi, biz də hər işimizi qardaş dövlətin boynuna yükləməməliyik. İlk növbədə daxildə görəcəyimiz işlər var.

Öncə bu trendi görək ki, Türkiyənin gəlişi fonunda Rusiya regionda zəifləyir. Putin üçün Ermənistandakı situasiya tam aydın deyil: Kreml Paşinyana etibar etmir, amma onun yerinə gələnin rusiyapərəst olacağına da əmin deyil.

Həmçinin, Moskavanın Qarabağda düzüb-qoşduğu həngamənin sonda havayı hamballıq olmayacağına da qarantiya yoxdur. Ermənilərin Xankəndiyə zorən qayıdışı diqqəti cəlb etməyə bilməz. Qarabağ erməniləri tərəddüd içindədir: onlar çarəsizlikdən geri dönür və bir çoxu Dağlıq Qarabağda qalmağı planlaşdırmır.

Hazırda Dağlıq Qarabağda nə qədər erməninin yaşadığı bəlli deyil. Dağlıq Qarabağdakı qondarma rejim müharibə zamanı Qrabağdakı “150 min ermənidən 90 minə yaxını”nın, İrəvan isə 40 min nəfərin Dağlıq Qarabağı tərk etdiyini bildirirdi. RF Müdafiə Nazirliyinin dekabrın 21-də yaydığı məlumata əsasən, Dağlıq Qarabağa 42 min erməni qayıdıb. 30 minə yaxın erməni isə Dağlıq Qarabağa qayıtmaq niyyətində deyil.

Rusiya sülhməramlıları qayıdanları qeydə alır, amma əşyalarını götürüb İrəvana dönənlər barədə susur. Ermənistanda sığınmağa yer tapa bilməmələri, soyuq hava şəraiti, Covid-19 pandemiyası, ögey münasibət – bir sözlə çarəsiz vəziyyətləri Qarabağ ermənilərini Xankəndiyə qayıtmağa vadar edir.

Lakin onlar Dağlıq Qarabağda rusların tikəcəkləri modul tipli evlərdə öz gələcəklərini görə bilmirlər; gələcəklərini Ermənistanla da bağlamır, Rusiyaya getmək istəyirlər. Artıq Xankəndidə ev satışı elanları artır.

Ermənilərin Epress.am saytı hesab edir ki, “Qarabağ - hamının əldə etməyə çalışdığı, amma kimsənin yaşamaq istəmədiyi torpaqdır”.

Qarabağdakı demoqrafik situasiya Rusiyanın maraqlarına cavab vermir, planlarının pozulması deməkdir.

Ümumiyyətlə, imperiya kabusu müasir Rusiyanı keçmişi ilə xəyalları arasında rahat buraxmır. Moskva müqavimət göstərir, imperiyalar məzarlığında “fəxri” yerinə sahib çıxmaq istəmir.

Tarixi fürsət var: strateji hədəfimizə yetişməkdə dözümlü olsaq, rus imperiyasının tabutuna vurulacaq son mismar türk mismarı ola bilər. Bir qədər nağılvari görünə bilər, amma necə deyərlər, taktika zülm iş, strategiya isə nağıldır.

Azərbaycan məhz bu faktorları nəzərə alaraq azeffektli yaxın və orta vədəli deyil (müxalifət tələsdirir, hər şeyin darmacalda dərhal yerbəyer olmasını istəyir və tənqidini bu fonda qurur), uzunmüddətli proqnozlar (5 illik) əsasında Moskva ilə oyun formulunu - Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması planını qurmalı və icra etməlidir.

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06 Keçmiş məhkum avtomatla yaxalandı - FOTO 17 İyun 2021, 17:00 Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək 17 İyun 2021, 16:54 Pərvanə İbrahimova ərəb mətbuatında Şuşadan YAZDI 17 İyun 2021, 16:48 Sabah İranda prezident seçkiləridir: azərbaycanlılar kimə “hə” deyəcək?  17 İyun 2021, 16:42
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?