Modern.az

BDU-nun yubiley tədbiri noyabrın 2-də keçiriləcək

BDU-nun yubiley tədbiri noyabrın 2-də keçiriləcək

20 Oktyabr 2009, 10:29

Bu ilin sentyabrında Bakı Dövlət Universitetinin (BDU) 90 yaşı tamam oldu. Universitet rəhbərliyinin əvvəlcədən xəbər verdiyi kimi, hələ sentyabrda bu ali təhsil ocağının təntənəli yubiley mərasimi keçirilməliydi. Amma BDU-da aparılan təmir işlərilə əlaqədar tədbiri bir qədər gecikdirməli olublar.

Qeyd edək ki, bu il aprelin 24-də Prezident İlham Əliyev

Azərbaycan Respublikasının aparıcı təhsil ocağı BDU-nun təsis edilməsinin 90 illik yubileyinin layiqincə qeyd olunması məqsədilə müvafiq sərəncam da imzalayıb.

BDU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, artıq təmir işləri sona çatmaq üzrədir. Ali təhsil ocağının yubiley mərasiminin keçirilmə tarixi də dəqiqləşib, bu, noyabrın 2-dir. Həmin gün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olan BDU-da keçiriləcək təntənəli yubiley tədbirində təkcə Azərbaycandan deyil, Rusiya, Ukrayna, Türkiyə, Rumıniya və digər ölkələrdən olan qonaqlar iştirak edəcəklər. İndi tədbirə ciddi hazırlıq işləri görülməkdədir. Universitetin yubileyi ilə bağlı bir sıra digər tədbirlər də keçiriləcək. Məsələn, 25 bakalavr, 25 magistr tələbə, 25 bakalavr və 25 magistr pilləsində dərs deyən müəllim üçün təqaüdlər nəzərdə tutulub. Ən yaxşı 50 tələbə və ən yaxşı 50 müəllimin hər biri üçün 1000 manat məbləğində təqaüd ayrılması da planlaşdırılır. Qeyd edək ki, universitetin yubiley günündə BDU ilə bağlı mətbuatda yazılan ən yaxşı yazı, həmçinin televiziyalarda verilən ən yaxşı veriliş, film də mükafatlandırılacaq. Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1919-cu il sentyabrın 1-də yaradılıb. Ali təhsil ocağında ilk mühazirə həmin il noyabrın 15-də oxunub. BDU-nun ilk rektoru Vasili Razumovski olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir