Şərqi Zəngəzurda “Dirçələn şəhərlər” şüarı ilə təşkil olunan Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri - Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Xalq artisti, dirijor Yalçın Adıgözəlov, Xalq artisti Mehriban Zəki və Xalq artisti Cahangir Novruzov ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov məlumat verib.
Qeyd edilib ki, mədəniyyət xadimləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsini qürur hissi ilə xatırlayıb, dünyanın müxtəlif ölkələrindən gələn diaspor gəncləri ilə eyni məkanda görüşməkdən məmnun olduqlarını bildiriblər. Həmçinin Azərbaycanın bugünkü inkişafının və əldə olunan tarixi nailiyyətlərin hər bir soydaş üçün qürur mənbəyi olduğunu vurğulanıb.
Səmimi fikir mübadiləsi və qarşılıqlı dialoq şəraitində keçən görüşdə gənclər mədəniyyət xadimlərinə çoxsaylı suallar ünvanlayıb, onların Azərbaycanın zəngin mədəni irsinə verdikləri töhfələr, yaradıcılıq fəaliyyəti və xalqımızın yaddaşında əbədi iz qoyan əsərləri ilə bağlı fikirlərini öyrəniblər.


