ABŞ Prezidenti Donald Trampın Türkiyənin Yəməndə Husilərə qarşı mümkün hərbi əməliyyatlarda iştirakını istədiyini açıqlaması Ankaranın Yaxın Şərq siyasətini yenidən gündəmə gətirib. Türkiyənin Səudiyyə Ərəbistanı ilə müdafiə əməkdaşlığı, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və İranla münasibətləri mümkün hərbi iştirakın regional nəticələri ilə bağlı müzakirələri artırır.
Modern.az-a açıqlamasında türkiyəli general Yücel Karauz bildirib ki, Türkiyənin Husilərə qarşı birbaşa hərbi əməliyyatlarda iştirakı ölkənin təhlükəsizlik və xarici siyasət maraqları ilə müəyyən dərəcədə üst-üstə düşsə də, ciddi risklər yarada bilər.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə münasibətlərin dərinləşməsi, Körfəz ölkələri ilə iqtisadi və diplomatik əlaqələrin genişlənməsi, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və enerji nəqli marşrutlarının sabitliyi Türkiyənin bu istiqamətdə müəyyən dəstək göstərməsini şərtləndirən amillərdir.
General qeyd edib ki, Türkiyənin müdafiə, kəşfiyyat, hava hücumundan müdafiə və texniki dəstək sahələrində iştirakı onun regional çəkindiricilik imkanlarını artıra bilər. Bununla belə, Husilərin İranla əlaqələri Ankaranın birbaşa hərbi müdaxiləsini daha mürəkkəb geosiyasi seçimə çevirir.

Yücel Karauzun fikrincə, Türkiyənin Yəməndə hücum əməliyyatlarına qoşulması İranla dolayı qarşıdurma riskini artıra bilər:
“Türkiyənin İranla ticarət, enerji və sərhəd təhlükəsizliyi sahələrində qarşılıqlı asılılığı var. Buna görə də Ankara üçün belə bir addımın mümkün nəticələri ciddi şəkildə nəzərə alınmalıdır. İranın regiondakı digər tərəfdaşları vasitəsilə cavab tədbirləri görmək imkanları və Hörmüz boğazı ilə Qırmızı dəniz ətrafında gərginliyin artması bu riskləri daha da yüksəldə bilər”.
General vurğulayıb ki, Husilərin ticarət gəmilərinə hücumları Qırmızı dəniz və Bab-əl-məndəb boğazında gəmiçilik təhlükəsizliyini təhdid edir. Türkiyənin hava hücumundan müdafiə, kəşfiyyat və dəniz təhlükəsizliyi sahələrində verəcəyi töhfə bu marşrutların qorunmasına kömək edə, eyni zamanda enerji bazarındakı qeyri-sabitliyin məhdudlaşdırılmasına şərait yarada bilər.
Lakin onun qənaətinə görə, Türkiyənin birbaşa münaqişəyə qoşulması ölkənin ticarət gəmilərini və regional maraqlarını potensial hədəfə çevirə, İran-Səudiyyə Ərəbistanı rəqabətinin daha da kəskinləşməsinə yol aça bilər.
Yücel Karauz hesab edir ki, Ankara üçün daha məqsədəuyğun yanaşma mövcud müdafiə və texniki dəstək imkanlarını qorumaq, birbaşa Yəmən əməliyyatlarından uzaq durmaq və Qırmızı dənizdə təhlükəsizliyə dolayı töhfə verməkdir.
“Belə bir yanaşma həm İranla gərginliyin artması riskini məhdudlaşdırar, həm də Türkiyənin Körfəz və Qırmızı dənizdəki maraqlarının qorunmasına imkan verər. Trampın açıqlamaları diplomatik təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Türkiyənin müdafiəyönümlü siyasətini davam etdirməsi regional balansı qorumaq baxımından əhəmiyyətlidir. Birbaşa hərbi iştirak isə qısamüddətli müttəfiqlik üstünlükləri müqabilində uzunmüddətli geosiyasi xərcləri artıra bilər”,-deyə general əlavə edib.