İranın XİN-in sözçüsü Nasir Kənani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəyə səfərini şərh edib.
Modern.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə sözçü keçirdiyi mətbuat konfransında danışıb.
"Qriqoryan İranın yüksək səviyyəli təhlükəsizlik məmuru ilə görüş keçirib və Bakı ilə İrəvan arasındakı münasibətlərdəki son hadisələrlə bağlı məlumat təqdim edib", - o qeyd edib.
Kənani əlavə edib ki, Ermənistan rəsmisinin bazar ertəsi İran xarici işlər naziri ilə də görüşü planlaşdırılıb.
Qafqaz regionunda baş verən proseslərin İran üçün əhəmiyyətli olduğunu deyən XİN rəsmisi bildirib: "İranın regionun sərhədləri ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz öz fikirlərimizi dəfələrlə demişik. Biz hamının məsuliyyətli səylərinin zəruriliyinə inanırıq. Tərəflər mübahisələri danışıqlar yolu ilə, siyasi və dinc üsullar çərçivəsində həll etməlidir. İran Ermənistan və Azərbaycan arasında mübahisələrin siyasi həll yolu ilə həllini alqışlayır, ölkə regionda istənilən geosiyasi dəyişikliyə, həmçinin regiondankənar müdaxilələrə qarşıdır".
Kənani deyib ki, İranın Bakı ilə əlaqələri ilə bağlı gündəliyində müxtəlif məsələlər, o cümlədən Azərbaycanın Tehranda səfirliyinin yenidən açılması var.