İsrail HƏMAS-a qarşı quru əməliyyatı hazırlayır, lakin hələlik heç bir qərar verilməyib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlılarına qarşı quru əməliyyatına hazırlaşdığını bildirib.
Bununla belə, ölkənin siyasi rəhbərliyi yekun qərar qəbul etməyib. Ordu sözçüsü Riçard Hext jurnalistlərə məsələ ilə bağlı açıqlama verib:
"Biz siyasi rəhbərliyimizin mümkün quru hücumu ilə bağlı nə qərar verəcəyini gözləyirik. Bununla bağlı qərar hələ verilməyib... Ancaq belə bir qərar veriləcəyi təqdirdə manevrə hazırlaşırıq”.
Onun sözlərinə görə, mümkün əməliyyat havadan həyata keçirilə bilər, yaxud dənizdən və havadan birləşdirilə bilər.
İsrail ordusu Qəzza zolağı ilə sərhədə on minlərlə hərbçi yerləşdirib və israillilərin dediyinə görə, anklavda HƏMAS infrastrukturunu, komanda və əməliyyat mərkəzlərini hədəfə aldığı hava kampaniyasını davam etdirir. Qəzza tərəfində Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava əməliyyatı 1200-ə yaxın insanın ölümünə səbəb olub.
"Frans Press" agentliyinin jurnalistləri Qəzza zolağında iki fələstinli qaçqın düşərgəsinə bir neçə hava hücumunun şahidi olublar. İsrail həmçinin Fələstin ərazisini tam blokadaya alıb, Qəzza zolağına elektrik, su və yanacaq nəqlini dayandırıb. İsrailin energetika naziri İsrael Katz deyib ki, HƏMAS yaraqlıları Qəzza zolağında saxlanılan bütün girovları azad etməyincə, tədarüklər bərpa olunmayacaq.
Xatırladaq ki, Fələstin-İsrail gərginliyi 7 oktyabrda HƏMAS-ın İsrailə hücumu və buna reaksiya olan əks-hücumla başlayıb, hazırda davam etməkdədir.