Mövcud vəziyyətdə Gürcüstan konstitusiyasını pozmaqda ittiham olunan Prezident Salome Zurabişvilinin impiçment məsələsi real deyil.
Modern.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze söyləyib.
“Hökumətin icazəsi olmadan Avropa İttifaqı ölkələrinə səfər etdiyinə görə konstitusiyanı pozmaqda ittiham olunan Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti praktiki olaraq istisna edilir. Ona görə ki, hazırki vəziyyətdə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası 150 səsdən 100 səs toplaya bilməyəcək”, - deyə İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, gələn həftə məsələ müzakirə olunacaq və Zurabişvilinin impiçmenti ilə bağlı səsvermə keçiriləcək. Bu prosedurların necə getdiyini görəcəyik.
“Bilirsiniz ki, Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də gələn həftə impiçment səsverməsi keçiriləndə 100 səs toplamaq praktiki olaraq mümkün deyil”, - deyə partiya sədri əlavə edib.