600 min fələstinli Qəzza şəhərindən anklavın cənubuna təxliyə edilib.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari bildirib.
O, İsrail ordusunun yaxın günlərdə Qəzza zolağının şimalına güclü zərbələr endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
“Biz döyüşlərlə əlaqəsi olmayan vətəndaşlara dəyən zərərin minimal olmasını təmin etmək üçün beynəlxalq hüquqa uyğun hərəkət edirik. Mən bunu bütün dünyaya vurğulayıram, bizim düşmənlərimizlə fərqimiz budur”, - Hagari qeyd edib.
Xatırladaq ki, İsrail oktyabrın 13-də Fələstinin Həmas hərəkatına qarşı müharibədə quru əməliyyatına hazırlaşarkən Qəzza zolağının şimalında 1,1 milyon dinc sakinin təxliyəsini tələb edib . İsrail ordusu bunun üçün sakinlərə 24 saat vaxt verib, lakin bir sıra ölkələrin və beynəlxalq təşkilatların tənqidi ilə üzləşib. BMT deyir ki, bu qədər qısa müddətdə evakuasiya “dağıdıcı humanitar nəticələr” olmadan mümkün deyil. İsrailin tələbindən təxminən bir gün sonra daha on minlərlə insan Qəzza zolağının şimalındakı evlərini tərk edib.