ABŞ Dövlət katibi Antoni Blinkenin Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanına etdiyi səfərdə maraqlı hadisə yaşanıb.
Modern.az xəbər verir ki, bu barədə "Washington Post" yazıb.
Bu, Blinken və Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın görüşü ilə bağlıdır. Belə ki, Blinken və Məhəmməd bin Salman arasında görüş oktyabrın 15-də baş tutub. Əslində görüşün oktyabrın 14-ü axşam saatlarında olacağı planlaşdırılıbmış, lakin Məhəmməd bin Salman görüşə yalnız səhər saatlarında gəlib.
Nəşr yazıb ki, Blinkenin şahzadə ilə Fələstin-İsrail qarşıdurması barədə fikir ayrılıqları olub. Dövlət katibi Misir lideri Əbdülfəttah əl-Sisi ilə də həmin mövzuda fərqli fikirlərə malik olub.
Qeyd edək ki, ABŞ dövlət katibinin Yaxın Şərq turnesi oktyabrın 12-də İsrailə ilk səfəri ilə başlayıb. Daha sonra o, İordaniyaya, oradan Qətərə gedib. Blinken Bəhreynə, daha sonra isə Səudiyyə Ərəbistanına səfər edib. ABŞ Dövlət katibinin İsrailə qayıtmazdan əvvəl səfər etdiyi sonuncu ölkə BƏƏ olub.
Danışıqlar nəticəsində İsrail Qəzza zolağının cənub hissələrinə su verilməsini bərpa etmək qərarına gəlib. Antoni Blinken bildirib ki, ABŞ BMT, Misir, İsrail və digər ölkələrlə birlikdə humanitar yardımın birbaşa Qəzza əhalisinə çatdırılması mexanizmi yaradır.