"Vaşinqton Ukraynanın iqtisadi səbəblərə görə müharibəni uduzmasına imkan verməyəcək".
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Ceynt Yellen deyib.
Onun sözlərinə görə, Ukraynaya dəstək ABŞ və Avropa üçün əsas prioritet olaraq qalır və Ukraynanın Rusiya işğalına qarşı mübarizəsini dəstəkləmək çox vacibdir.
Yellen avrozonanın maliyyə nazirləri ilə görüşünə hazırladığı çıxışında vurğulayıb ki, ABŞ Ukraynanın döyüş meydanında uğur qazanmaq qabiliyyətini nümayiş etdirdiyi halda, iqtisadi zəmində müharibəni uduzmasına icazə verə bilməz.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.