Modern.az

Bələdiyyə seçkiləri: CHP İzmir namizədini dəyişmədi

Bələdiyyə seçkiləri: CHP İzmir namizədini dəyişmədi

Dünya

19 Oktyabr 2023, 15:16

Türkiyədə 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirin bələdiyyə sədrliyinə namizədi məlum olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın sədri Kemal Kılıçdaroğlu hazırkı bələdiyyə sədri Tunç Soyeri CHP-nin yenidən namizəd göstərəcəyini açıqlayıb.

 

"Əlbəttə ki, namizədimiz Tunç Soyerdir", - deyən Kılıçdaroğlu Balıkesirdə isə Ahmet Akının namizəd göstəriləcəyini elan edib.

 

Bundan əvvəl mətbuata açıqlamasında Soyer də yenidən namizəd olmaq istədiyini bildirmişdi: “İzmirin dinamikasını anlamaq çətin bir prosesdir. Bu prosesin sonunda mən daha bir müddətə bələdiyyə sədri kimi işləmək imkanı tapsam, bu, həyata keçirdiyim ideyalar üçün çox yaxşı olardı.

 

Daha bir müddət vəzifəmi davam etdirmək istəyirəm. Partiyamız bunu məqsədəuyğun hesab etsə və namizədliyimizi yüksək qiymətləndirsə, biz də seçki yarışına girəcəyik. Ən geniş zəmin və ən geniş ittifaq yaradaraq seçkiyə girməyi hədəfləyirik”.

 

1959-cu ildə anadan olan Tunç Soyer ixtisasca hüquqşünasdır. O, tarixən "CHP-nin qalası" adlandırılan İzmirdə 2019-cu ildən bəri bələdiyyə sədridir. Bundan əvvəl Soyer İzmirin Seferihisar rayon bələdiyyəsinə də 10 il (2009-2019) sədrlik edib. Sol təmayüllü siyasətçi olan merin babası Türkiyənin Egey bölgəsinə Balkanlardan - Kosovanın Priştina şəhərindən köç edib.

 

Ankara Universitetinin hüquq fakültəsinin məzunu olan Soyer daha sonra İsveçrənin Vebster Universitetində beynəlxalq münasibətlər, İzmirdəki Dokuz Eylül Universitetində isə Avropa İttifaqı araşdırmaları üzrə təhsilini davam etdirib. İngilis və fransız dillərini bilən bələdiyyə sədri 2 qız atasıdır. O, son bələdiyyə seçkilərində 58 faiz səs toplayaraq İzmir meri seçilib.

Bu xəbər ilə bağlı
İzmirin merindən Akşenerin qərarına REAKSİYA - Qoy eləsinlər
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!