ABŞ-ın müdafiə naziri Lloyd Ostin Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı nümayəndələri ilə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.
Nazir əmin edib ki, ABŞ Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısını almağa çalışır. Lloyd Ostin Səudiyyə Ərəbistanı baş nazirinin birinci müavini və müdafiə naziri Xalid bin Salman Əl Səud, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıb.
Bütün bu danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr aparılıb. Qeyd olunur ki, Lloyd Ostin ABŞ-ın regiondakı tərəfdaşlarının müdafiəsini dəstəkləmək və münaqişənin genişlənməsinin qarşısını almaq öhdəliyini vurğulayıb.
Oktyabrın 15-də Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün İran, Qətər və Pekinlə danışıqlar aparıb. ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasında hərbi münaqişənin həlli üçün Yaxın Şərqə səfər edib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında hərbi münaqişə oktyabrın 7-də başlayıb. İsrail tərəfində 1,4 min, Fələstin tərəfində isə 3,7 min nəfər həlak olub.